Şəhid Xudayarın anası oğlunun son nəfəsini verdiyi torpaqlarda - Video

sehid-xudayarin-anasi-oglunun-son-nefesini-verdiyi-torpaqlarda
Oxunma sayı: 4351

Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanova oğlunun doğum günü ərəfəsində onun şəhid olduğu torpaqları ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, övladının son nəfəsini verdiyi, sonuncu mahnısını oxuduğu Zəngilanı, Arazqırağı əraziləri gəzən ana bu torpaqların onun üçün müqəddəs olduğunu deyib.

Şəhid anası bildirib ki, əvvəl Ağalı kəndinin yanından keçəndə bütün kənd qapqara idi, sanki bütün şəhidlərə ağlayırdı. Amma indi Ağalıda quruculuq işləri gedir: “Ağalı sürətlə gözəlləşir. Biz bunu görəndə sevinirik. Allah bütün şəhidlərin ruhunu şad eləsin. Qoy onların qanları tökülən torpaqlar gülə-çiçəyə bürünsün”.

Qeyd edək ki, “Vətən yaxşıdır” mahnısı ilə dastana dönən Xudayar Yusifzadə 1998-ci il iyulun 15-i Bərdə şəhərində anadan olub. 2020-ci il oktyabrın 22-si Zəngilan uğrunda gedən döyüşlərdə ağır yaralanaraq şəhid olub.

Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.