Sənə yazığım gəlir…

sene-yazigim-gelir
Oxunma sayı: 1784

On səkkiz yaşım vardı. Dünyanı kəşf etmək ehtirası ilə ilk dəfə Parisin məşhur, əzəmətli küçələrinə ayaq basanda elə bilirdim ki, insan xoşbəxt olmaq üçün yalnız sərhədləri aşmalıdır. İşıqlı vitrinlər, əsrlərin ağırlığını çiyinlərində daşıyan binalar, küçələrdə bir-birini tanımayan insanların incə nəzakəti...

Hər şey heyrətlə izləniləcək qədər gözəl idi. Amma həmin gözəlliyin içində məni hazırlıqsız yaxalayan başqa bir hiss vardı. Səfərin ikinci həftəsində Paris səkilərindən birində oturub əlimdəki buterbroddan bir dişləm aldım.

Gözlərim doldu. Sonra nə qədər çalışsam da, özümü saxlaya bilmədim; əməlli-başlı ağlamağa başladım.

Bərabər yol aldığımız vətənli dostlarım çaşqınlıqla ətrafıma yığışdılar:

- Nə olub? Niyə ağlayırsan? Başımı aşağı salıb utana-utana pıçıldadım:

- Acam... Evimizdəki yeməklər üçün darıxıram...

O gündən sonra illərlə bu hadisə hər məclisdə zarafatla xatırlandı. Mən onların yaddaşında “yad eldə bir tikə ət üçün ağlayan qız” kimi qaldım. Hər dəfə mən də onlara qoşulub gülürdüm. Çünki özüm də elə bilirdim ki, o gün məni ağladan aclıq idi. İllər keçdi. Dünyanın müxtəlif şəhərlərində oldum. Fərqli dillərin ahəngini dinlədim, fərqli mədəniyyətlərin içindən keçdim. Və bir gün anladım ki, Paris səkisində ağlayan qızın dərdi heç vaxt bir tikə çörək olmayıb. İnsanın bədəni aclığa öyrəşir, yoxluğa da. Ruhu isə yalnız mənsub olduğu yerə öyrəşir.

Biz qəribə varlıqlarıq. Yaşadığımız şəhərləri dəyişə, başqa dillərdə danışa, yad küçələrdə qocala bilirik. Hətta zamanla həmin küçələri də özümüzünküləşdiririk. Amma insanın daxilində heç vaxt köçməyən bir ünvan olur. O ünvan nə pasportda yazılır, nə xəritədə göstərilir. Onu insan daxilində daşıyır. Bəzən elə bilirik ki, Vətən sərhəddir. Əslində isə sərhədi dövlət qoruyur. İnsan başqa şeyi qoruyur: yaddaşını qoruyur, dilini, uşaqlığını, anasının bişirdiyi yeməyin qoxusunu, həyətdəki ağacın kölgəsini... Bir sözlə, özünü. Çünki insanın vətəni əvvəlcə coğrafiya deyil, şəxsiyyətidir.

Bir neçə gün əvvəl Almaniyada çəkilmiş məlum videoya baxanda ağlımdan bütün bunlar keçdi. Küçənin ortasında dayanmış iki adam vardı. Onlar fərqli siyasi mövqeləri yox, fərqli daxili ağırlıqları təmsil edirdilər. Bir tərəfdə kamera vardı. O biri tərəfdə isə kameraya ehtiyacı olmayan sakitlik. Mənim üçün Hikmət Hacıyevin dediyi cümlələrdən ən çox yadda qalanı “Verilişlərinizə çox vaxt ayırmıram...” olmadı. “Həyatda ən çətin şey Vətənə, dövlətə xəyanət etməkdir. O statusda yaşayan insanlara mənim yazığım gəlir” oldu.

Əslində bu cümlədə məni düşündürən “xəyanət” sözü də deyildi, “yazığım gəlir” idi. Çünki nifrət hələ də emosiyadır. İnsan yalnız özünə bərabər hesab etdiyi adama nifrət edir. Yazığı gəlmək isə başqa hissdir. Bu, artıq mübarizə aparmadığın, sadəcə nəyisə geri dönüşü olmayan şəkildə itirmiş bir insana baxmaqdır. Bax o an anladım ki, xəyanət anlayışı heç vaxt yalnız hüquqi termin olmayıb. Cinayət Məcəlləsi onun cəzasını verə bilər, amma mahiyyətini tam olaraq ifadə edə bilməz. Çünki xəyanət əvvəlcə dövlətə yox, insanın içindəki o gözəgörünməz koordinat sisteminə edilir. İnsan elə bir nöqtəyə gəlir ki, artıq doğulduğu torpağa yox, öz keçmişinə yadlaşır. Ən ağır itki də elə budur.

Parisdə ağlayan həmin qız indi anlayır ki, insanı böyüdən gördüyü şəhərlər, gəzdiyi bəzəkli küçələr deyil. İnsanı böyüdən — bir gün haraya aid olduğunu və o aidiyyətin məsuliyyətini dərk etməsidir. Çünki evi itirmək başqa şeydir, evə aparan hissi itirmək tamam başqa. Birincini taleyin əlindən ala bilər. İkincini isə insan yalnız öz iradəsi ilə, öz əli ilə yandırar. Ən böyük faciə kənarda yaşamaq, ya da kiminsə qəzəbinə gəlmək deyil. Ən böyük faciə - bir gün fərqinə varmaqdır ki, sən artıq öz hekayəndə baş qəhrəman deyilsən. Sən sadəcə yad şəhərlərin soyuq künclərində, özgə əllərin idarə etdiyi pərdənin arxasında öz keçmişini hərraca çıxaran, istifadə müddəti bitəndə isə hamının unudacağı bir kölgəsən.

Vətəni olan insan hər kəsə qalib gələ bilər. Amma içindəki evi öz əli ilə yıxan insanı heç kim, hətta sığındığı o yad şəhərlər də xilas edə bilməz. Çünki dünyada özünə yadlaşmış insandan daha tənhası, daha köksüzü və daha acınacaqlısı yoxdur.

Nərmin Dadaşova

Xüsusi olaraq “Qafqazinfo” üçün