Şirvanda vətəndaşlarla səyyar görüşlər keçirilib - Fotolar

sirvanda-vetendaslarla-seyyar-gorusler-kecirilib
Oxunma sayı: 1951

Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş qrafikə əsasən, 2023-cü ilin avqust və sentyabr aylarında şəhərin müxtəlif ərazilərində şəhər sakinləri ilə 8 səyyar görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini qeyd edərək, Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər barədə məlumat verib.

 Əhalinin yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar Şirvan şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa ediləcək "Yeni Şirvan" yaşayış kompleksinin tikintisinə hazırlıq işlərinin başlanıldığını diqqətə çatdıraraq, hazırda ərazidə səyyar beton zavodun quraşdırıldığını və elektrik xətlərinin çəkildiyini bildirib. Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna daim sadiqlik nümayiş etdirən, qazandığı nailiyyətləri ilə suveren Azərbaycanın iqtisadi qüdrətinin artırılmasında yaxından iştirak edən Şirvan şəhərinin respublika tabeli şəhər statusu almasının 60 illik yubileyinin qeyd edilməsinə hazırlıqla əlaqədar bir sıra işlər görüldüyünü, şəhər İcra Hakimiyyəti başçısının 24.08.2023 tarixli, 201 nömrəli “Şirvan şəhərinin 60 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə Şirvan şəhərinin 60 illik yubileyi ilə əlaqədar “Tədbirlər Planı”nın təsdiq edildiyini diqqətə çatdırıb.

Səyyar görüşlərdə sakinlərin müraciətləri dinlənilib və onları narahat edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.