Şirvanın icra başçısı Şəhidlər xiyabanını ziyarət edib

sirvanin-icra-bascisi-sehidler-xiyabanini-ziyaret-edib
Oxunma sayı: 2142

Ötən gün Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi, polkovnik-leytenant Ramil Əhmədov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, ictimai birliklərin sədrləri, xidmət təşkilatlarının rəhbərləri və şəhid ailələri ilə birlikdə ənənəvi olaraq hər ay olduğu kimi yanvar ayının sonuncu cümə axşamı Şirvan Şəhidlər xiyabanını ziyarət edib.

"Qafqazinfo" xəbər verir ki, öncə I Qarabağ müharibəsi zamanı Şirvan şəhərindən itkin düşənlərin xatirəsinə ucaldılan abidə önünə tər qərənfillər qoyulub, xatirələri ehtiramla yad edilib.

Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, ailələrinə səbr dilənib.

Ziyarətdən sonra “Şəhid anası” memorial abidə kompleksinin önündə şəhid ailələri ilə görüş keçirilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid valideynlərini salamlayıb, onlara Vətənimiz üçün, xalqımız üçün vətənpərvər, şücaətli, mərd oğullar böyütdükləri üçün təşəkkürünü bildirib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim uca tutulacağını vurğulayıb. 

İlqar Abbasov şəhid ailələrini narahat edən məsələlərlə maraqlanıb və bu barədə çıxış etmələri üçün sözü onlara verib.

Tədbirdə iştirak edən şəhid valideynləri də onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.