Siyasətin əsas sualı - 5 min üzvün var?

siyasetin-esas-suali
Oxunma sayı: 3996

Məlum olduğu kimi, “Siyasi partiyalar haqqında” yeni qanun qəbul olunduqdan sonra partiyalar qarşısında qoyulan 1000 nəfər qeydiyyat üzvü tələbi 5 dəfə artırıldı.

Ötən ay Ədliyyə Nazirliyi tərəfindən yayılan məlumatda bildirildi ki, qanunun qüvvəyə mindiyi tarixdən sonra 31 partiya öz təşəbbüsü ilə ləğv olunmaları barədə qərar verib. Eyni zamanda digər 27 siyasi partiya məlumatlarını əks etdirən reyestrini nazirliyə təqdim edib. Bundan sonra bir neçə partiyaya müraciətlərdəki qüsurlarla bağlı nazirlik tərəfindən xəbərdarlıq xarakterli məlumatlar göndərilib və onları düzəltmək üçün vaxt verilib. 

“Qafqazinfo” Ədliyyə Nazirliyi tərəfindən hələ ki, qeydə alınmayan partiyaların siyahısını təqdim edir: 

Birinci müraciətdə cəmi 463 nəfər üzvü sayılan Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov bildirib ki, 3 min şəxsin partiya reyestrindəki məlumatları yoxlanılıb dəqiqləşdirilib: “5 min üzvlük siyahını tamamlayıb yenidən Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.

Müsavat başqanı Arif Hacılının sözlərinə görə, Ədliyyə Nazirliyindən verilən cavabda təqdim olunan 5212 nəfərlik siyahıdakı 2766 nəfər haqqında məlumatların düzgün qeyd edilmədiyi bildirilib: “Partiya üzvləri haqqında məlumatda hansı qüsurların olması, telefon nömrəsi olmayan və ya şəxsi məlumat kimi şəxsi telefon nömrəsini verməmək hüququndan istifadə edənlərlə bağlı məsələləri hüquq müstəvisində müzakirə edib həll edəcəyik. Bu da yetərli olmasa, daha bir neçə min Müsavat üzvünün siyahısı Ədliyyə Nazirliyinə təqdim olunacaq”.

AXCP sədri Əli Kərimli isə deyir ki, reyestrə 5315 nəfər haqda məlumatlar daxil olunub, lakin Ədliyyə Nazirliyi bunu 5138 nəfər kimi qəbul edib: “Nazirlik iddia edir ki, reyestrə daxil edilmiş 2497 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilmədiyindən dəqiqləşdirilməlidir. Ədliyyə Nazirliyinə məktub göndərib, bizə detallı və əsaslandırılmış cavab verilməsini istəyəcəyik”.

Vəhdət Partiyasının sədri deputat Tahir Kərimlinin açıqlamasına əsasən, partiyanın üzv siyahılarında çatışmazlıqlar aşkarlanıb və problemlərin aradan qaldırılması üçün 1 ay vaxt verilib.

Sabiq səhiyyə naziri Əli İnsanovun Haqq və Ədalət Partiyası da 5 minlik həddi keçə bilməyənlərdəndir. Məlumata görə nazirlik partiyanın təqdim etdiyi üzv siyahısında təqdim olunan şəxslərin əksəriyyətini saxta hesab edib. Partiya isə bu barədə hər hansı məlumat yaymayıb.

Ağ Partiyanın sədri Tural Abbaslı vurğulayıb ki, Ədliyyə Nazirliyinə 10001 üzvün məlumatlarını təqdim olunub: “Texniki səbəblərdən reyestrdə adları çıxmayan 3414 nəfər və partiyaçı olmadığı qeyd edilən 1424 nəfər işçi qrupumuz tərəfindən ən qısa zamanda araşdırılıb Ədliyyə Nazirliyinə təqdim ediləcək və əminəm ki, onların da böyük əksəriyyəti AĞ partiyaçı kimi qeydə alınacaqlar”.

“Milli Cəbhə Partiyası yenidən qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyi cavab göndərib. Biz 5396 nəfər üzvlərin məlumatını göndərmişdik. Onlardan 845 nəfərin məlumatlarının dəqiqləşdirilməsi tələb olunur” – deyə Milli Cəbhə Partiyasının sədir, deputat Razi Nurullayev qeyd edib.

Ümid Partiyasının sədri İqbal Ağazadənin sözlərinə görə, partiya Ədliyyə Nazirliyinə 5200 nəfər üzvün məlumatlarını təqdim edib: “100-dən artıq şəxs partiya üzvü olmadığını bildirib, 33 nəfərin telefon nömrəsi düzgün göstərilməyib və s. 30 gün müddətində bu çatışmazlıqları aradan qaldırıb, siyahını yenidən təqdim etməliyik. Yekun siyahımızı yenidən Ədliyyə Nazirliyinin qeydiyyat idarəsinə təqdim edəcəyik”.

Azərbaycan Demokrat Partiyasının (ADP) təkrar qeydiyyatla bağlı müraciətinə də imtina cavabı gəlib. Partiya sədri Sərdar Cəlaloğlu bildirib ki, bir ay vaxt verilib: “Çalışacağıq ki, o səhvləri aradan qaldıraq. Ümumiyyətlə, qanun qəbul ediləndə biz dedik ki, bu məsələ problemli olacaq. Bizim bəzi üzvlərimiz şəxsi məlumatların olduğu kimi verilməsindən imtina edib. Görək, əlavə üzvlərimizdən kimlər razı olacaqsa, reyestrə salacağıq”.

Pənah Hüseynin sədri olduğu Azərbaycan Xalq Partiyası da hələ ki, qeydə alınmayanlar sırasındadır. Partiya sədri qeyd edib ki, siyahıda imzası olan 2676 nəfərin partiya üzvü olduğu təsdiq edilib, 3178 üzv barədə isə dəqiqləşdirmələr aparılır.

Qeyd edək ki, hazırda nazirlik tərəfindən yalnız Yeni Azərbaycan Partiyası qeydiyyata alınıb. 

Məlumat üçün bildirək ki, Ədliyyə Nazirliyi tərəfindən “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı əsasən üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması və sair hallar müəyyən olunub. Qurumdan bildirilib ki, partiyalara müraciət edilərək qüsurların aradan qaldırılması üçün lazımi yardımın göstərilməsi məqsədilə onlarla görüşlərin keçirilməsinə hazırdırlar. 

Zaur Mirzə