“Son illərdə bu istiqamətlərdə mühüm addımlar atılıb” - Yenilənib

son-illerde-bu-istiqametlerde-muhum-addimlar-atilib
Oxunma sayı: 384

“Son illərdə kənd təsərrüfatında istehsalın səmərəliliyinin artırılması, müasir texnologiyaların tətbiqi, fermerlərin maliyyə və texniki resurslara çıxışının asanlaşdırılması istiqamətində mühüm addımlar atılıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar biznes festivallarının yekunu ilə bağlı tədbirdə bildirib.

Onun sözlərinə görə, rəqəmsal həllərin tətbiqi, elektron kənd təsərrüfatı platformasının genişləndirilməsi, ekoloji cəhətdən dayanıqlı istehsal modellərinə keçid dövlət siyasətinin əsas istiqamətlərindəndir.

“İqlim dəyişikliklərinin təsirlərinin azaldılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə və dəqiq kənd təsərrüfatının tətbiqi aqrar sektorun rəqabətqabiliyyətliliyini daha da artırır.

Məhz bu strateji hədəflərin regionlarda təşviqi məqsədilə Aqrar Biznes Festivalları təşkil olunur. Bu il ölkənin 13 iqtisadi rayonunu əhatə edən 28 rayonda 32 festival keçirilib, bu tədbirlərdə 400 mindən artıq fermer və sahibkar iştirak edib, 8 milyon manatdan artıq satış icra olunub. Festivallar çərçivəsində toxum sərgi-satış yarmarkaları, kredit yarmarkaları, panel müzakirələr və təlimlər təşkil edilib”, - deyə M. Məmmədov əlavə edib.

Nazir qeyd edib ki, bu festivallar kiçik və orta sahibkarlığın inkişafına, qadın fermerlərin və gənclərin aqrar sahəyə fəal cəlb olunmasına, bilik və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verib. Eyni zamanda, məhsul festivalları regionların ixtisaslaşmış kənd təsərrüfatı məhsullarının tanıdılmasına və brendləşdirilməsinə şərait yaradıb.

***

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev aqrar biznes festivallarının yekunu ilə bağlı tədbirdə bildirib ki, ölkəmizdə məşğul əhalinin təxminən 35 faizi birbaşa və dolayı yolla aqrar sektorla bağlıdır. 

O qeyd edib ki, kənd təsərrüfatı və emal sahələrinin qeyri-neft ÜDM-də payı isə artıq 10 faizə yaxınlaşır:

“Xüsusilə qlobal qeyri-sabitlik, regional münaqişələr və iqlim dəyişiklikləri fonunda qida təhlükəsizliyi məsələsi strateji məsələyə çevrilib. 

2025-ci il 1 oktyabr tarixinə olan məlumata görə, ölkəmizdə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 13 minə yaxın kommersiya təşkilatı fəaliyyət göstərir. Müəssisələrdən 26-sı iri, 175-i orta, 417-si kiçik, 12 mini isə mikro sahibkarlıqdır”. 

M.Musayev əlavə edib ki, kredit təşkilatlarının ümumi portfelinin cəmi 1,8 faizi və ya 571 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa verilib. Bu isə maliyyə əlçatanlığı ilə bağlı aqrar sektorda əlavə alətlərə ehtiyac olduğunu göstərir:

“Eyni zamanda, dünyada qida məhsullarının bahalaşması tendensiyası davam edir və Azərbaycan bu sahədə ehtiyaclarını ödəmək üçün daxili istehsalı, xüsusən də xam maldan emala keçidi təmin etmək üçün mövcud imkanlardan istifadə etməlidir.  Bu baxımdan, ölkə daxilində qida məhsullarının istehsalı üzrə tam dəyər zəncirinin formalaşdırılması olduqca vacibdir. Biz kənd təsərrüfatına yalnız torpaq və məhsul prizmasından deyil, toxumdan süfrəyə qədər – yəni istehsal, emal, logistika, qablaşdırma, markalanma və brend yaratma mərhələlərini əhatə edən kompleks yanaşma ilə baxmalıyıq. Məhz bu yanaşma məhsulun əlavə dəyərini artırır və ixrac imkanlarını genişləndirir. Azərbaycan sahibkarları artıq bir sıra ölkələrə, o cümlədən Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və digər Körfəz ölkələrinə öz məhsullarını uğurla ixrac edirlər. Bu bazarlarda “Made in Azerbaijan” brendinə olan etimad ildən-ilə artır”.

***

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə jurnalistlərə açıqlamasında bildirib ki, bu il Azərbaycanda aqrar sahə üzrə təşkil edilən festivallarda satış həcmi 8 milyon manatdan çox olub.

O, keçən il bu rəqəmin 6 milyondan çox olduğunu vurğulayıb: “Bu ildən başlayaraq bölgələrdə aqrar sahədə dövlət dəstəyi üzrə panel müzakirəsi keçirilir. Bu il 14 panel müzakirəsi təşkil etmişik. Bu panellərdə bir sıra dövlət qurumlarının mütəxəssisləri iştirak edib. Eyni zamanda, bu tədbirlər çərçivəsində mövsümün toxum-sərgi satış yarmarkaları keçirilib. Xüsusən də, builki yarmarkalar 10 hektardan çox əkilən buğda və 100 hektardan çox əkilən arpa sahəsi olan fermerlərin daha çox olduğu bölgələrdə təşkil olunub”.

Gülnar Əliyeva