“Mossad” Tehranda təhlükəsizlik kameralarını nəzarətə götürübmüş

mossad-tehranda-tehlukesizlik-kameralarini-nezarete-goturubmus
Oxunma sayı: 1091

İsrailin “Mossad” kəşfiyyat xidməti Tehranın videomüşahidə kameraları şəbəkəsini qıraraq uzun illər ərzində İranın Ali Lideri Ayətullah Əli Xameneini izləyiblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Financial Times” nəşri kəşfiyyat xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, kameralardan əldə edilən görüntülər sayəsində “Mossad” mühafizəçilərin ünvanları, iş qrafikləri və onların kimi qoruduqları barədə ətraflı məlumata sahib olub. Kameralardan biri isə agentlərə cangüdənlərin Xameneinin iqamətgahına gələrkən şəxsi avtomobillərini harada park etdiklərini izləməyə imkan verib.

“Biz Tehranı Yerusəlimi tanıdığımız kimi tanıyırdıq. Əgər bir yeri böyüdüyünüz küçəni tanıdığınız kimi yaxşı tanıyırsınızsa, yerində olmayan tək bir şeyi belə dərhal hiss edirsiniz”, - İsrail kəşfiyyatının rəsmisi nəşrə deyib.

Bundan başqa, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) də daxili mənbələrdən son dərəcə vacib kəşfiyyat məlumatları əldə etdiyi bildirilir.

İranın rəhbərliyi haqqında böyük həcmdə məlumatı analiz edən İsrailin süni intellekt vasitələri ilə birlikdə bu mənbə də Xameneinin vurulduğu görüşə qədər onu izləməyə imkan verib. “Mossad” rəsmilərinin hücumu aylarla planlaşdırdığı və Ali Liderin yerini təsdiqləyən məlumat əldə etdikdən dərhal sonra zərbə endirdikləri bildirilir. Belə ki, müharibə başlayacağı təqdirdə Ayətullahın bombaya davamlı yeraltı sığınacağa köçürülməli olduğundan gözlənilməzlik effekti yaratmaq üçün ilk zərbələrdən biri məhz onun olduğu yerə endirilib. Hücum zamanı İranın digər yüksəkrütbəli milli təhlükəsizlik rəsmiləri binanın başqa bir hissəsində olublar.