Cinayət işinin məhkəməyə göndərilməsi qaydasına dəyişiklik edilir.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, məhkəməyədək icraat elektron qaydada aparıldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işini “Elektron prokurorluq” informasiya sistemi vasitəsilə “Elektron məhkəmə” informasiya sisteminə göndərir. Cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilərək elektron qaydada göndərilə bilməyən maddi sübutlar, sənədlər və digər əşyalar məhkəməyə bilavasitə təqdim edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
***
Cinayət işi ilə bağlı axtarış və ya götürmənin aparılması qaydasına da dəyişiklik edilir.
Layihəyə əsasən, təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən İKT sisteminin, onun hissələrinin, elektron verilənlərin saxlanıldığı daşıyıcıların və ya elektron verilənlərin gizlədilməsini və ya məhv edilməsini apara bilər.
Əldə olunan sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı İKT sistemində, onun hissələrində, elektron verilənlərin saxlanıldığı daşıyıcılarda ve ya elektron verilənlərdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək məlumatların olmasını güman etməyə kifayət qədər əsas verdikdə, həmin sistemdə, onun hissələrində, elektron verilənlərin saxlanıldığı və elektron daşıyıcılarda verilənlərdə axtarış aparıla və İKT sistemi, onun hissələri, elektron verilənlərin saxlanıldığı daşıyıcılar və ya elektron verilənlər götürülə biləcək və bu vasitələrin götürülməsində mütəxəssis iştirak edəcək.
Qeyd edək ki, dəyişikliklə bəzi hallarda artıq məhkəmə qərarı olmadan da təcili axtarış və götürmə mümkün olacaq. Mövcud qanunvericilikdə bunun üçün məhkəmədən icazə alınmalı idi. Dəyişiklik bəzi məlumatların silinmə və gizlədilmə ehtimalını aradan qaldırmağa yönəlib.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər