Stalinlə görüş

stalinle-gorus-
Oxunma sayı: 1200

Gecə gözümə yuxu getmədi. Sevinirdim ki, Stalini görəcəm. Bir yandan da fikir məni götürmüşdü, görəsən, nə tapşırıq verəcək?
Səhər açılan kimi bir vedrə su qızdırıb ağacın dibində yaxşı çimdim, ülgüclə üzümü yaxşı qırxdım. Sapoqları təmizləyib mazladım. İrəmenin dəmirini şinelə sürtüb təzəcə parıldatmışdım ki, gördüm, budu, kazarmanın qabağında bir maşın dayandı. Bildim ki, məni götürməyə gəliblər. Maşından yekə ulduzlu bir afser çıxıb dedi, Haxverdiyev kimdi? Tez özümü qabağa verdim, dedim, mənəm, yoldaş palkovnik! Gəl otur, dedi, maşına. Qaçıb maşının arxa tərəfində oturdum. İçəridə üç nəfər idik. Bir şofer, bir palkovnik, bir də mən. Yolda palkovnik soruşdu ki, ailəlisənmi, dedim, yox. Dedi, bu çox yaxşıdı. Sonra soruşdu ki, sənbilən, bu qafqazlılar niyə belə qaryaçikrov olurlar? Dedim, çünki, bizdə dağlar, dərələr, buz bulaqlar var, işimiz-gücümüz çöldə mal-heyvan otarmaq, çilikağac, ənzəli, dirədöymə oynamaqdı. Sabahdan axşama kimi camış qatığının qaymağını yeyirik. Qışda da motaldan yağ-şoru çıxardırıq, ye ki, yeyəsən, oluruq qaryaçikrov! Palkovnik gülüb dedi, indi başa düşdüm, Stalin niyə səni çağırtdırır...

Meşəliyin içinnən xeyli gedəndən sonra gəlib bir pasyolkaya çıxdıq. Pasyolkanı da keçdik, gethaget, gethaget, gördüm, artıq Maskva başlayır. Günorta ajımınnan bir az keçmişdi ki, Qırmızı Meydana girdik. Aynadan baxdım ki, Mavzoleyin qabağında iki əsgər üzbəüz smirna dayanıb. Mənə dedilər, sən hələ düşmə. Maşın dayanan kimi əsgərlərin arasından iriulduzlu heyvərə bir rus afseri məni gətirən palkovnikin qabağına yüyürdü. Öz aralarında biraz söhbət eləyəndən sonra, palkovnik mənə əl elədi, yəni düş, gəl. Gəlib onların qarşısında çes verdim. Dedilər, davay, tez içəri keç. Biri qabaqnan, biri dalnan, mən də ortada gedirik. Smirna duran saldatların arasınnan girdik Kremlə. Gördüm, burda hər yer çıl-çıraqbandı. Divar boyu düzülmüş afserlər bizə çes verir. Mən də şəstlə yeriyirəm, sapoqlarım parıldayır. Divarlardan bəzəkli şəkillər asılıb, hər tərəfdə bülbüllər oxuyur. Xalçalar o qədər bahalıdı, adam üstündə yerimək istəmir.

Gəlib bir dənə bəzəkli dəmir qapının yanına çatdıq. Qapının ağzında əliavtomatlı afserlər dayanmışdı. Bizi görən kimi hamısı çes verdi. Qabaqnan gedən iripaqonlu afser qapını açıb içəri girdi. Biz palkovniknən çöldə gözlədik. Aradan biraz keçmişdi, afser çıxıb məni içəri dəvət elədi. İçəri girəndə dizlərim əsdi. Baxdım ki, geniş bir otaqdı, göydən yekə bir lüsdür asılıb. Parpar parıldayan uzun bir stolun o başında Stalin əyləşib. Məni görən kimi ayağa durub stolun qırağına tərəf gəldi. Mən də, sağ əlim qulağımın dibində ona tərəf şarak-şarak addımlayırdım. Yaxınlaşıb əl tutandan sonra öz yerinə keçdi. Mənə də yaxınında yer göstərib dedi, otur. Gözümü qırpmadan ona tamaşa eləyirdim. Stolun üstündə külqabı, vazda mer-meyvə, dilimlənmiş qara çörək, bir baş sarımsaq, sala, bir butulka da araq vardı. Qəlyanını yandırıb dərin bir qullab vurandan sonra dedi, bilirsənmi, niyə səni çağırtdırmışam? Dedim, bilmirəm, yoldaş Stalin. Dedi, sən Kalvey İsmeyl oğlu Məşə Qasımın oğlu döyülsənmi? Dedim, elədi, yoldaş Stalin! Dedi, mən uşaq vaxtı sənin atannan Zəyəm bazarında çox peraşqi satmışam. Dedim, hə, rəhmətlik peraşqi satmağından danışardı, ancaq sənnən bir yerdə olduğunu deməmişdi. Gülüb dedi, dədən hardan biləydi ki, mən nəvaxtsa gəlib bu vəzifəyə çatacam?

Biraz ordan-burdan, Azərbaycanın 9 iqlimindən danışandan sonra dedi, araq içirsənmi? Dedim, yoldaş Stalin, sən süzəndən sonra mən kiməm içməyəm? Mənə zəhər süzsən də içməliyəm. Sən həm bizim dahi rəhbərimiz, həm də dədəmin yadigarısan. İri, çappa stəkanı araqla doldurdu, bir dilim çörək, üstündə də sala qabağıma qoydu. Özünə də bir çappa süzmüşdü. Götür, dedi, bunu sənin kimi cəsur, qorxmaz, igid saldatın sağlığına içirəm. Ayağa durub dedim, yoldaş Stalin, mən də sənin sağlığına içirəm. Stəkanı birnəfəsə başıma çəkdim, yerə qoyanda gördüm nəfəsim kəsilir. Sən demə, araq nədi, içdiyimiz spirt imiş. Stalin də öz çappasını içmişdi, ancaq, deynən, heç üzünü turşutdumu? İçənnən sonra qəlyanı yandırıb tüstülətdi. Mən də ac qarına idim, utanmaqdan keçmişdi, çörəknən salanı götürüb tezcə yedim. Beynim dumanlanmışdı. Az qalırdım stolun üstündəki salaların hamısını basıb yeyəm, ancaq fikirləşdim, bu boyda Stalin məni yanına çağırıb, yaxşı düşməz, dədəmi də tanıyır.
Bir az qəlyan tüstülədəndən sonra dedi, bilirsən, səni nə üçün çağırmışam? Dedim, yox, yoldaş Stalin. Dedi, mənim oğlumu lemsə əsr götürüb, öldüsü-qaldısı bilinmir. Arada dedilər, gətir, onu lemsə generalınnan dəyişək. Dedim, mən saldatı generala dəyişsəm bütün müharibəni uduzaram. Biz sənin atannan qardaş olmuşuq, mənim oğlumla da sən qardaşsan. Sizin bütün nəslinizi tanıyıram, ona görə gümanım təkcə sənə gəldi. İstəyirəm gedib oğlumdan bir xəbər gətirəsən. Hardadı, kim tutub, salamatdımı? Bildim ki, bu işi yalnız Kalvey İsmeylin nəvəsi bacara bilər!..

(davamı gələn yazıda)