“Hər addımımız stresdir” dediyimiz günlərdə insanlar psixologiyalarını müxtəlif yollarla sağlam saxlamağa çalışır. Bəziləri idmana yazılır, digərləri əlavə məşğuliyyət axtarırlar. Mənəvi sağlamlıqla bağlı dünyaca məşhur terapiya növlərindən biri də “sadhu lövhəsi”dir.
Tarixi hinduizmdən gələn bu terapiya üsulu lövhənin üzərindəki mismarlara əsaslanır. Onlar sinir uclarına təsir göstərərək mikro səviyyədə qan dövranını artırır, stresi azaltmağa, yuxunu yaxşılaşdırmağa yardımçı olur. Dözüm və iradə tələb edən “sadhu terapiya”sı meditasiya, nəfəs nəzarəti və yoqa ilə birlikdə həyata keçirilir. Nəticə təbii ki, fərdə görə dəyişir. Amma hər məsələdə olduğu kimi, bundan da sui-istifadə etməyi bacaranlar var.
“Qafqazinfo”nun məlumatına görə, son zamanlar sosial şəbəkələrdə bu terapiya ilə istənilən növ neqativ hadisələri, travmaları aradan qaldırmaq kimi elanlara, həmçinin insanların “sadhu lövhəsi” üzərində dayanaraq ağladığı videolara tez-tez rast gəlmək mümkündür. 1 seansa minimum 200 AZN verərək bu terapiyaya gedənlərə taxtanın üzərinə çıxıb ağrıya qalib gələcəyi təqdirdə qorxu və travmalarını atacağı vəd edilir. Üstəlik, həmin vətəndaşların ağladıqları görüntülər açıqca paylaşılır, şəxsi hesab edilən görüntüləri ictimailəşdirilir. İnsanların inamından, həssaslığından istifadə edilərək pul qazanılır. Müraciət edən şəxslərin ağrıdanmı, məcburiyyətdənmi ağladıqları məlum deyil. Bəzi sosial şəbəkə istifadəçiləri həmin terapiya növünün bu formada təqdimatını hətta müasir falçılıqla da müqayisə ediblər.
Maraqlıdır ki, son günlərdə Azərbaycanda kifayət qədər tanınan bir neçə bloger də bu tendensiyaya qoşulmağa və şəxsi hesablarında bənzər videoları paylaşaraq təbliğ etməyə başlayıb. Lakin onlar həqiqətən qorxuları ilə üz-üzə gələ biliblər, ya yox, bunu bilmirik. Çünki dəfələrlə influenserlərin bəyənmədikləri məhsulu belə reklam məqsədilə bəh-bəhlə paylaşdığının şahidi olmuşuq.
Mövzu ilə bağlı Klinik Psixoloq Nuriyyə Quliyeva bildirib ki, bu terapiyanın elmi sübutu olmadığı üçün psixologiyada tətbiq edilmir: “Psixologiyada hər hansı bir terapiyanı tətbiq etməzdən öncə onun elmi şəkildə təsdiqlənməsi əsas məsələdir. “Sadhu” adlandırılan terapiya ola bilsin ki, insanlara şüuraltı şəffaflıq versin. Lakin bu hər kəs üçün keçərli deyil. Bunu həm də bir növ insanların özünü psixoloji olaraq inandırması kimi qiymətləndirirəm”.
Psixoloq eyni zamanda bu seansların qiymətinin olduqca baha olduğunu da vurğulayıb.
.jpg)
Həkim-terapevt Günay Lətifova isə bildirir ki, insanların belə terapiyalara üz tutmasının səbəbi, onlarda gündəlik stresin yüksək dərəcədə olmasıdır: “Pasiyentlərə hər hansı narahatlıqları zamanı simptomları üzrə həkim-mütəxəssislərə müraciət etməkləri məsləhət görülür. Əgər terapiyaya müraciət edəcəklərsə, bu zaman da əks göstəricilərə diqqət etməlidirlər. Məsələn açıq yara, yüksək temperatur, epilepsiya xəstələri, insult və infarkt keçirmiş xəstələr, alkoqol istifadəçiləri bu kimi terapiyalardan uzaq durmalıdır. Bu terapiya ağrıya dözümü , stresi azaltmağa dəstək olsa da burada psixoloji amilin rolu böyükdür”.
Terapevtin açıqlamasına görə, “sadhu taxtası”ndakı mismarlar infeksiyaya da səbəb ola bilər: “Mismarların sıxlığı və adi olması pasiyentin rahat durmasını təmin edir. Proses bitdikdən sonra görürük ki, ayaqda sadəcə mismarın izi var, batıq yoxdur. Əgər batıq olarsa, infeksiya keçməsi qaçınılmazdır. Bir başqa məqam isə mismarların nə dərəcədə dezinfeksiya olunmasıdır ki, bunu da qəqiq bilmək olmur”.
Fidan Etibar
