“Su vermirlər deyə 600 hektara yaxın əkin sahəmiz tələf olur” - Foto

su-vermirler-deye-600-hektara-yaxin-ekin-sahemiz-telef-olur
Oxunma sayı: 1315

“Biz dəfələrlə kənd birliyi olaraq yığılıb Şəmkir Su Anbarı nümayəndəliyi ilə görüşməyə getmişik. Onlar da bizə söz vermişdilər ki, noyabrın 25-də su vurulacaq. Amma ortada nə su, nə də bir ümid var”.

Bu sözləri “Qafqazinfo”ya müraciətində Goranboy rayonunun Veyisli kənd sakini Hadi Şamilov deyir. O, bildirir ki, özü kənd təsərrüfatı ilə məşğuldur. Amma əkdiyi əkin hazırda susuz qalıb: “Bizim kənddə su problemi həmişə olub. Amma Veyisliyə Şəmkir su anbarından kanal çəkiləndən sonra bu problem həll olunmuşdu. Kanal vasitəsilə gələn sudan əkinlərimizi sulamaq üçün istifadə edirdik. Amma bir müddətdir ki, bunu edə bilmirik. Su gəlmir. Həm Şəmkir Su Anbarına, həm də Goranboy su nümayəndəliyinə müraciət etmişik. Düzdür, həmin an əl-ayağa düşüb problemimizlə maraqlanırlar. Söz də verirlər ki, həll edəcəklər. Amma hər dəfə bir bəhanə gətirərək problemi olduğu kimi saxlayırlar. Gah motor xarab olur, gah da limit olmur. Əslində bu məsələdə Goranboy Rayon Su Nümayəndəliyinin də günahı yoxdur. Çünki onları da aldadan Şəmkir Su Anbarı nümayəndələridir. Xüsusilə də anbarın rəhbəri Vaqif və sahə rəisi Füzuli”. 

Şikayətçinin sözlərinə görə, baxmayaraq ki, su anbarına təzə nasoslar verilib, amma lazım olan su gəlmir: “Bizə dedilər ki, motorların təmiri gedir və ayın 25-nə kimi su veriləcək. Amma dedikləri sözə əməl etmədilər. İndi biz kənd camaatı da bu vəziyyətdən şikayətçiyik. Əgər suyu bir ay sonra versələr, onda daha bizim əkin sahələrinə lazım olmayacaq. Çünki hazırda 600 hektara yaxın əkin sahəsi susuzluqdan tələf olur”.

Şikayətçi Hadi Şamilov bildirir ki, düz 6 aydır ki, bu problem var: “Biz şikayətlər edəndən sonra cəmi 6 gün su gəldi. Həmin su ilə isə kənd camaatı əkinini tam olaraq sulaya bilmədi. Sonra yenə su kəsildi. Əsl səbəb məlum deyil”.

Məsələ ilə bağlı adıçəkilən qurum-Şəmkir Su Anbarı ilə əlaqə saxladıq. Şəmkir Su Anbarının sahə rəisi Füzuli Rəsulov bildirdi ki, kanala su ayın 27-də veriləcək: “Noyabrın 4-ü kanala su verilib. Düz 8 gün onlar su ilə təmin edilib. Anbar iki mühərriklə işləyib. Ayın 15-də mühərriklərdən biri, 18-i isə ikincisi xarab oldu. Texniki problemlərə görə suvarma dayandırılıb. Mən tez-tez kənd camaatı ilə danışıram. Onlara mövcud problemi də izah etmişəm. Artıq mühərriklərin təmiri başa çatıb. Ayın 27-si su vurulacaq. 15 gün onlara su veriləcək ki, əkin sahələrini suvarsınlar”.

Lamiyə Məmmədova