Şagirdlər evdən gətirilən vaxtı keçmiş şirniyyatı yedilər - 21 nəfər zəhərləndi - Yenilənib - Foto

sagirdler-evden-getirilen-vaxti-kecmis-sirniyyati-yediler
Oxunma sayı: 2794

Bu gün Sumqayıtda kütləvi zəhərlənmə olub.

“Qafqazinfo” xəbər verir ki, şəhərdəki orta məktəblərdən birinin çoxlu sayda şagirdi xəstəxanaya yerləşdirilib.

Onların zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə çatdırıldıqları bildirilir.

***

Sumqayıt Tibb Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, 02.10.2026-cı il tarixində saat 10:20 radələrində 14 nəfər (11 kişi cinsli, 3 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Mərkəzin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

***

Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb: “Şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.

Əldə etdiyimiz məlumata görə, şagirdlərdən biri tərəfindən evdən gətirilmiş qənnadı məmulatından sinif yoldaşlarının da istifadə etdiyi müəyyən olunub. Həmin qidadan istifadə etdikdən sonra məktəblilər özlərini pis hiss ediblər”.

***

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, qurum Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə qeydə alınan zəhərlənmə hadisəsini dərhal nəzarətə götürərək araşdırmalara başlayıb: “Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür.

Aparılan ilkin araşdırmaların nəticələrinə görə, hadisəyə məktəbdə şagirdlərdən birinin təhsil müəssisəsinə gətirdiyi, istifadə müddəti bitmiş (vaxtı keçmiş) şirniyyat məhsulu səbəb olub.

Araşdırmalar davam edir. Görülən tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.

Qeyd edək ki, ötən gün Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbin 7 şagirdi də şirniyyatdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 10:20 radələrindən başlayaraq 21 nəfər (17 kişi, 4 qadın) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub: “Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir”.