Suraxanı rayon İcra Hakimiyyətinin, Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin və “Biz Bir Ailəyik” Əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “3 dekabr Beynəlxalq Əlillər Günü”nə həsr olunan tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə RİH başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, sağlamlıq imkanları məhdud sakinlər, ictimai təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər, idarə və təşkilat rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək dövlət tərəfindən əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışaraq Beynəlxalq Əlillər Gününün əhəmiyyətindən bəhs edib. O, bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda Beynəlxalq Əlillər Günü rəsmi şəkildə qeyd olunur. Bu gün cəmiyyətimizin bütün təbəqələrinə, o cümlədən əlil vətəndaşlara dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir, onları narahat edən problemlər həllini tapır. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə mütəmadi olaraq bu kateqoriyalardan olan insanların müavinətləri artırılır, onların sosial problemləri həll edilir, mənzil şəraiti daha da yaxşılaşdırılır. Ölkəmizin hər yerində olduğu kimi, Suraxanı rayonunda da əlillər diqqət və qayğı ilə əhatə olunub.
Milli Məclisin deputatı Etibar Əliyev və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov da çıxış edərək respublikamızda əlillərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən və onlara olan dövlət qayğısından ətraflı söhbət açıblar.
Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədlinin, Azərbaycan Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin sədri, Para Velosiped idman növü üzrə Paralimpiya Milli komandasının baş məşqçisi, ARB telekanalının aparıcısı, jurnalist Amid Həsənquliyevin və digər qonaqların çıxışlarından sonra “3 dekabr – Beynəlxalq əlillər günü” münasibətilə bir qrup şəxs “Təşəkkürnamə” ilə təltif olunublar.