Suraxanıda məişət zorakılığı ilə mübarizəyə dair tədbir keçirilib

suraxanida-meiset-zorakiligi-ile-mubarizeye-dair-tedbir-kecirilib
Oxunma sayı: 1328

Noyabrın 28-də Suraxanı Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədi ilə dəyirmi masa təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Komitənin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sektorunun müdiri Vəfa Ələkbərova və həmin sektorun məsləhətçisi İradə Məmmədova, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Könül Axundova, eləcə də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə İcra Hakimiyyəti başçılarının müavinləri, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbərləri və üzvləri, polis idarələrinin rəis müavinləri iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova tədbiri giriş sözü ilə açıq elan edərək məişət zorakılığının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyindən danışıb.

Komitənin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sektorun məsləhətçisi İradə Məmmədova “Məişət zorakılığı üzrə monitorinq qruplarının fəaliyyətinin təhlili və hüquqi müstəvidə görülməli olan tədbirlə” mövzusunda təqdimatla çıxış edib.

Sonra “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı görülmüş işlərə dair İcra Hakimiyyəti başçılarının müavinləri, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbərləri çıxış ediblər.

Mövzu üzrə müzakirələr aparılıb və monitorinq qruplarına daxil olmuş müraciətlər və bu sahədə görülmüş işlər, o cümlədən ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər barədə məlumatlar verilib.