Tbilisidə “Era Teatrı”nın yeni ofisinin açılışı olub

tbiliside-era-teatrinin-yeni-ofisinin-acilisi-olub
Oxunma sayı: 1310

Gürcüstanın paytaxtı Tbilisi şəhərində azərbaycanlı gənclərin yaratdığı “Era Teatrı”nın yeni ofisinin açılış mərasimi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə parlamentin, diplomatik korpusun, azərbaycanlı icmasının, yerli ictimaiyyətin nümayəndələri və “Era Teatrı”nın üzvləri iştirak ediblər.

Teatrın bədii rəhbəri Anar Rafiqoğlu teatrın keçdiyi yola nəzər salıb, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyilə daha maraqlı fəaliyyət mərhələsinə qədəm qoyduqlarını vurğulayıb.

Mərasimdə Gürcüstan parlamentinin deputatı Qoqi Meşveliani, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Rəhim Rəhimzadə, Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri Rafiq Hümmət, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Namiq Hacıyev, publisist-tərcüməçi Cambul Məmmədli, Qaratəhlə orta məktəbinin direktoru Bəhram İsayev və başqaları çıxış ediblər. Natiqlər bu mədəniyyət hadisəsini Gürcüstanda fəaliyyət göstərən Azərbaycan teatrlarının tarixində əlamətdar bir gün kimi qiymətləndirərək teatrın kollektivinə uğurlar arzulayıblar.

Xatırladaq ki, “Era Teatrı”nın həyata keçirdiyi “Aktyorluq, teatr və kino” kursları layihəsi Azərbaycan Diasporuna Dəstək Fondunun köməyi ilə gerçəkləşdirilib və ofisin fəaliyyəti də həmin layihə çərçivəsində baş tutub.