Tək Sabir

tek-sabir
Oxunma sayı: 2499

Bu gün dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 161 yaşı tamam olur. “Qafqazinfo” bu münasibətlə Azərbaycanın istedadlı şairi Qulu Ağsəsin “Tək Sabir” adlı yazısını təqdim edir:

Ötən əsrin əvvəllərində bir şair vardı, klassik şeirin, qəzəliyyatın tək səbir gətirdiyi yerdən başlamışdı onun yaradıcılığı.

O, gözünün qabağında inləyən insanı qoyub, dağda gül dərməyə, bülbülün solo-konsertinə qulaq asmağa meyillənmədi, sabununu bişirib, satirasını yazdı Tək Sabir.

Sələflərin ağladığına dodaq büzdü, əruzun damarından aşıq qanı əvəzinə mazut, neft, tiyan kəfi axıtdı.

O, Azərbaycan şeirində yeni bir məktəbin himini qoydu, himnini oxudu, qəzəlin qolundan darta-darta onu şah sarayından kəndli tövləsinə, fəhlə gecəqondusuna gətirib saldı.

Günlərin bir günü özü də sələfə çevrildi, ona da ağız əydilər, lağ elədilər, amma Tək Sabir olduğunu dana bilmədilər.

Sa-bir

Sa-tira

Sa-bun

Bu üç söz hələ uzun müddət bizi təmizliyə səsləyəcək.

Boğazı gəlincə səsləyəcək.

Amma biz onları eşitməyəcəyik, inşallah!