Yekəxanalıq kimi çıxmasın, bu romanı oxuyanda qrup yoldaşım Mahiri gözümün qabağına gətirdim. Nəyə görə “yekəxanalıq” deyirəm? Dayanın, indi izahını verəcəm. Deməli, Mahir birinci kursda mənə elə də yaxın durmur, daha çox dindar oğlanlarla gəzirdi. Onun müxtəlif dini qruplarla əhatələnməsi məni qorxuya saldı. Bir gün onunla ciddi-ciddi söhbət elədim. Dedim ki, qardaş, əgər dinlə maraqlanırsansa yalnız özünə qapanmalısan, qruplaşmalar, yalançı dindar obrazları səni məhv edəcək. Daha sonra fikrimi əsaslandırmaq üçün Mövlanədən, Şəms Təbrizidən ağız dolusu danışdım. Mahir fikrə getdi, düşündü, daşındı,özünəməxsus təbəssümlə mənə baxdı.
Aradan aylar keçdi, İsa Muğanna demiş, “zaman o zamanıydı”, artıq hər şeydən bezib usanmışdım. Heç kimlə kəlmə kəsmirdim. Bu zaman çoxdandı gözümə görünməyən Mahir qabağıma çıxdı. Artıq ikinci kursdaydıq. O, məni saxlayıb sakitcə dedi: “Daha qruplaşmalara getmirəm. Dindar dostlardan aralandım. İndi özümü toplayıb fikirləşməliyəm ki, nə edim”. Bəli, Mahir düşündü, daşındı, fikrə getdi, özünəməxsus təbəssümlə sözünü deyib çıxıb getdi.
Ondan sonra Mahiri tez-tez qolunda qız şəhərdə o küçə sənin, bu küçə mənim dolaşan gördüm. Barmağımı dişlədim: demək, inkişaf var. İncə, nərmənazik qızlar Mahirin şirin dilinə tora düşür, axırda da onun maşınının, evinin olmamasını bəhanə edib aradan çıxırdılar. Uzun sürən bu təkrarlar Mahiri bezdirdi. Təzədn özünə qapandı. Yenidən düşündü, daşındı, fikrə getdi, özünəməxsus təbəssümlə susdu.
Üçüncü kursa keçəndə Mahir məni bir qırağa çəkib söhbətə tutdu. Bu dəfə o biznesə girəcəyindən danışırdı. “Çadra işinə girəcəm.Elan-zad düzəltmişəm. Şəhərin hər yerinə vuracam.” Ona ürək-dirək verdim, hər halda kapitalizmdə pulun nə qədər lazım olduğunu bilirdim. Realist biri kimi fikirlərinə arxa çıxıb hələ zarafatla “bu saat ölüdən daha çox pul qazanırlar” dedim. Mənim ona dəstək verməyim dostumuzu sevindirdi, bir azdan əlində kağız artıq plan cızdığının şahidi oldum. Lakin şər deməsən, xeyir gəlməz, bu dəfə də alınmadı. Elçibəy necə deyir: “Bu mənim taleyimdir!” Eynən elə olmuşdu. Mahir artıq bu dəfə də uğursuzluğa düçar olandan sonra təzədən inzivaya çəkildi, içinə qapandı. Düşündü, daşındı, fikrə getdi, özünəməxsus təbəssümlə susdu.
Dördüncü kursa gələndə uşağı bədbəxt etdim. Niyə? Dayanın, bunun da izahını verəcəm. Ona hər şeydən xilas olmaq üçün ədəbiyyat oxumağını məsləhət gördüm. Bir gün yanında bir oğlan gəlib deməzlərmi ki, biz eksiztensializmi çox bəyəndik, bizə bu haqda kitab adları de... Mən yalnız eksiztensializm cərəyanının nümayəndələrini deyil, həm də bir neçə müəllifi kağıza yazdım: Dostoyevski – “Cinayət və Cəza”, “İdiot”, “Karamazov qardaşları”, Alber Kamyu – “Taun”, “Yad”, Jan Pol Sartr - “Ürəkbulanma”, “Varlıq və heçlik”. İyirmiyə yaxın əsər adı yazdım. Sevincək kağızı götürüb təşəkkür etdi, dostuya bərabər çıxıb getdilər.
Oxuduqdan sonra mənimlə söhbət etmək istədi. Alber Kamyu və Sartrın ona böyük təsirini hiss elədim. Eksiztensializmdən çıxması üçün çox çalışdım, alınmadı. O, indi nə dindardı, nə ateistdi, nə də biznesmen. Mahir artıq həqiqətə çatdığını düşünür və tək yolu intiharda görür. Özümü bunda çox günahkar sayıram. Yeni oxumağa başlayan adamı Sartla, Kamyuyla yükləyərlər heç?
Artıq Mahir üçün reallıq önəmli deyil. O, sadəcə həyatın absurdluğunu düşünür. İntihar eləməməsi üçün arada ona zəng edir, səsini eşidəndə rahatlayıram. Özümü buna görə bəlkə heç vaxt bağışlamayacam. Sartr, Kamyu günahımdan keçsinsən. Axı cənab Sartr və Kamyu Azərbaycan kimi bir ölkədə Mahirə həyatın absurduluğunu anlatmaq çoxmu lazımıydı? Siz olmasanız da bunu hər kəs görür. İndi Mahiri intihardan qurtarmaq haqqında düşünsəm yaxşıdı...