Tərtər sakini minaya düşdü - Yenilənib

terter-sakini-minaya-dusdu
Oxunma sayı: 2680

Bu gün Tərtərdə mina partlayışı olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə məlumat daxil olub: “Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb”. 

Hazırda qeyd edilən faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

***

DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, saat bu gün 13:00 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisindəki Gendərə deyilən yerdə rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Hadıyev piyada əleyhinə minaya düşüb.

O, polis əməkdaşları tərəfindən rayon mərkəzi xəstəxanasına çatdırılıb. Sol ayağı amputasiya olunub.

***

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) də Tərtərdə baş verən mina partlayışı ilə bağlı məlumat yayıb.

ANAMA-dan “Qafqazinfo”ya bildirilib ki, piyada əleyhinə minaya düşən 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlunun sol ayağı amputasiya edilib.

ANAMA bir daha vətəndaşlara müraciət edərək, məsuliyyətli davranmağa, icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.