Xırdalan şəhərində torpaq sahəsini tikinti şirkətinə verən sakin bunun qarşılığında almalı olduğu 5 mənzili 18 ildir ki, təhvil ala bilmir.
Bu şikayətlə “Qafqazinfo”ya müraciət edən vətəndaş Cahangir Xalıqov bildirib ki, sözügedən müqavilə hələ 2008-ci ildə bağlanıb.
FHN-in keçmiş əməkdaşı olduğunu deyən şikayətçinin sözlərinə görə, geridə qalan illərdə tikinti bir neçə əl dəyişib: “2008-ci ildə Xırdalan şəhəri Axundov küçəsi 39 ünvanında yerləşən və ailəmizə məxsus olan 34 sot torpaq sahəmizi burada çoxmərtəbəli bina tikmək istəyən “Hasil” MMC-yə müqavilə ilə satdıq. Şirkətin təsisçisi Elman Tağıyev adlı şəxs həmin vaxt bizimlə müqavilə bağlayaraq torpaq sahəsinin qarşılığında binada 5 yaşayış mənzili və 1 qeyri-yaşayış sahəsini bizə verməyi öz üzərinə götürdü”.
Tikinti işləri başlayandan bir müddət sonra binanı tikən şəxsin dələduzluq əməlləri üzə çıxıb və o həbs edilib: “Həmin şəxsə cinayət işi açıldıqdan və çoxsaylı vətəndaşların, bildiyimə görə, 279 nəfərin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etməsindən sonra tikinti işləri başqa şəxslərə verildi. Belə ki, prokurorluq çoxsaylı vətəndaşların mülki hüquqlarının bərpa edilməsi üçün zərərçəkmişlərin evinin tikilib təhvil verilməsini zəruri hesab etdi. Bu məqsədlə 4 müxtəlif şəxs tikintiyə başladı və bir neçə mərtəbə də onlar qaldırdı. Lakin bir müddət sonra həmin şəxslər də dələduzluq ittihamı ilə məsuliyyətə cəlb edildilər və tikinti fəaliyyətindən uzaqlaşdırıldılar”.
Fotoda: Barəsində bəhs edilən bina

Şikayətçi deyir ki, baş verənlərdən sonra prokurorluq vətəndaşların evlə təmin edilməsi məsələsini tikinti sahəsindəki məşhur iş adamı, Şərurlu İsfəndiyar kimi tanınan İsfəndiyar Axundova həvalə edib: “Hasil” MMC-nin bütün hüquqları və tikilməkdə olan bina İsfəndiyara verildi və biz həmin vaxt ona müraciət etdik, əlimizdəki sənədləri, müqavilələri təqdim edərək bizə çatmalı olan əmlakların verilməsini istədik. Həmin vaxt Şərurlu İsfəndiyar bildirdi ki, müqavilə üzrə bizə çatmalı olan 6 əmlakdan ikisindən, yəni qeyri-yaşayış sahəsi və evlərdən birindən imtina edək. Bizə 4 mənzil verməyi təklif etdi. Lakin bununla razılaşmadıq.
Məsələ ilə bağlı 2024-cü ildə Abşeron Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə həmin ilin noyabrında qətnamə çıxararaq “Hasil” MMC ilə bağladığımız müqavilə üzrə mülklərin bizə verilməsini qət etdi. Lakin qarşı tərəf bu qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət etdi. Onlar şikayəti təmin etməyərək Abşeron Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Bundan sonra İsfəndiyar Axundov Ali Məhkəməyə müraciət etdi. Ali Məhkəmənin Mülki Kollegiyası da 2025-ci ilin 27 noyabr tarixində qərar qəbul edərək apellyasiya instansiyasının qərarını qüvvədə saxladı. Beləliklə, qanuni yolla mənə çatmalı olan 5 ev və 1 qeyri-yaşayış sahəsinin verilməsinin icrası məsələsi qalmış oldu”.
Fotoda: Şərurlu İsfəndiyar

C.Xalıqov əlavə edib ki, qarşı tərəf hələ də qərarı icra etmir və ona təsir etməyə çalışır: “Ailəmizə məxsus olan 34 sot torpaq sahəsi Xırdalanın mərkəzində yerləşməklə, hazırda 3 milyon manata yaxın bazar dəyərinə malikdir. Onların mənə vermək istədiyi 4 mənzilin ümumi dəyəri isə heç yarım milyon etmir. Xahiş edirəm, bu məsələyə ədalətli yanaşılsın və məhkəmə qərarları tezliklə icra edilsin”.
İttihamlarla bağlı “Şərur” MTK ilə əlaqə saxladıq. Şirkətin Mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirdi ki, “Hasil” MMC-nin “Şərur" MTK ilə hər hansı bağlılığı yoxdur: “Şərur” MTK yalnız Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin təqdim etdiyi siyahıda adları yer alan şəxslərin zərərlərini kompensasiya etməyi üzərinə götürüb və həqiqətən də Xalıqov Cahangir İsabala oğlunun adı siyahıda yer alıb.
Bildiririk ki, bu və digər MTK-larla bağlı təqdim olunan siyahıya yalnız yaşayış sahələri daxildir. Adıçəkilən şəxsə qeyri-yaşayış sahəsinin siyahıda yer almadığı barədə dəfələrlə məlumat verilib, Cahangir Xalıqov isə qeyri-yaşayış sahələri verilməyəcəyi təqdirdə digər mənzillərdən də imtina etdiyini şifahi şəkildə bildirib”.
Aslan Vəliyev