Toya gedirdilər, avtomobilləri kanala düşdü - İki bacının faciəvi ölümü+Yenilənib

toya-gedirdiler-avtomobilleri-kanala-dusdu
Oxunma sayı: 2276

Biləsuvarda ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində olub.

Belə ki, hərəkətdə olan “Lexus” markalı minik avtomobili idarəetməni itirərək Cənub Muğan kanalına düşüb.

Məlumata görə, avtomobildə 6 qadından 1-i qəzada həlak olub, yaralılar var.

Bildirilir ki, xanım sürücü və sərnişinləri toya gedirmişlər.

***

Avtomobildə olan qadınlardan daha birinin cansız bədəni tapılıb. İlkin məlumata görə, qəza zamanı həlak olan hər iki şəxs bacı olub.

***

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, dekabrın 27-də saat 16:50 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

F.Rüstəmovanın idarə etdiyi “Lexus” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində su kanalına aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin hadisə yerində ölüb.

Araşdırma aparılır.

***

TƏBİB-dən bildirilib ki, 27.12.2025-ci il tarixində saat 17:00 radələrində Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (qadın) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.