Biləsuvar-Bəhrəmtəpə yolunda ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, yolun Arazbari kəndindən keçən hissəsində iki minik avtomobili toqquşub.
Nəticədə 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan biri hadisə yerində vəfat edib.
Yaralılardan biri (qadın) yerləşdirildiyi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Hazırda ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.
***
Bildirilir ki, toqquşan avtomobillərdən “VAZ 2107”də olanlar Beyləqan rayon sakinləridir və bir ailənin üzvləridir. Onlar Salyana yas mərasiminə gedirmiş.
“Opel” markalı avtomobildə olan şəxslər isə Cəbrayılın Cocuq Mərcanlı kəndinin sakinləridir. Onlar Bakıdan Cocuq Mərcanlıya toy məclisinə gedirmiş.
***
Son məlumata görə, 5 yaralı Cəbrayıl Rayon Xəstəxanasına yerləşdirilib.
***
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 28-də saat 9 radələrində Biləsuvar rayonunun Arazbarı kəndi ərazisində X. Quluzadənin idarə etdiyi “Opel” markalı avtomobillə E.Kərimlinin idarə etdiyi “Vaz” markalı avtomobil toqquşub.
Nəticədə avtomobillərdə olan sərnişinlərdən Şöhlət Məmmədova, Məryəmxanım Kərimova və İlqar Kərimov ölüb, 8 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
Dekabrın 28-də saat 09:40 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1997-ci il təvəlüdlü qadın, 2000-ci il təvəlüdlü kişi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlardan 1997-ci il təvəlüdlü şəxsə dəqiqləşdirilməmiş kəllədaxili travma, başın açıq yarası, 2000-ci il təvəlüdlü şəxsə travmatik şok, sol budun orta 1/3 qəlpəli sınığı diaqnozu təyin edilib.
Hər iki şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Surxay Şahbazov




Son xəbərlər
Son Xəbərlər