ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Çin Xalq Respublikasının Sədri Si Tsinpin arasında Pekində keçirilən danışıqları müsbət qiymətləndirib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə amerikalı lider jurnalistlərə açıqlamasında bildirib.
Görüşü şərh edən Tramp hər iki liderlə münasibətlərinin normal olduğunu vurğulayıb:
“Hesab edirəm ki, bu, yaxşıdır. Mənim onların hər ikisi ilə dil tapmağım uğurlu alınır. Putin bu görüşü keçirmək planı barədə mənə öncədən məlumat verib”.
Qeyd edək ki, Rusiya Prezidenti Çin rəhbərinin dəvəti ilə mayın 19-20-də bu ölkədə səfərdə olub. Görüş zamanı tərəflər arasında çoxqütblü dünyanın formalaşdırılması və beynəlxalq münasibətlərin yeni modelinin inkişafına dair bəyannamə də daxil olmaqla, ümumilikdə 20 birgə sənəd imzalanıb.
Si Tsinpin Rusiya-Çin əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu bəyan edib. Vladimir Putin isə öz növbəsində son 25 ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin 30 dəfə artdığını vurğulayıb və Çin rəhbərini 2027-ci ildə Rusiyaya səfərə dəvət edib.
Xatırladaq ki, Donald Tramp özü də mayın 13-15-də Çində rəsmi səfərdə olub. Si Tsinpin bu səfəri “tarixi” adlandırıb, ABŞ lideri isə Pekinlə “fantastik ticarət müqavilələri” əldə etdiklərini diqqətə çatdırıb.
Son xəbərlər
Son Xəbərlər