Trampın limiti bitir - İran əməliyyatları dayandırılacaq?

trampin-limiti-bitir
Oxunma sayı: 979

ABŞ Prezidenti Donald Trampın İranla bağlı hərbi əməliyyatları 1973-cü il Müharibə Səlahiyyətləri Qanunu çərçivəsində müəyyən edilən 60 günlük hüquqi müddətin sonuna yaxınlaşır.

“Qafqazinfo” “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bu müddət 1 mayda başa çatır.

Vaşinqtonda həmin tarixdən sonra Konqresin təsdiqi olmadan əməliyyatların davam etdirilib-etdirilməyəcəyi ciddi müzakirə mövzusuna çevrilib.

Vyetnam müharibəsindən sonra prezident səlahiyyətlərini məhdudlaşdırmaq məqsədilə qəbul edilən bu qanuna əsasən, ABŞ Prezidenti hərbi əməliyyata başladıqdan sonra 48 saat ərzində Konqresi məlumatlandırmalıdır.

Qanuna görə, prezident Konqresin rəsmi təsdiqi olmadan hərbi qüvvələri münaqişə bölgəsində maksimum 60 gün saxlaya bilər. Bu müddətə əlavə olaraq, təhlükəsiz geriçəkilmə prosesi üçün Konqres tərəfindən birdəfəlik 30 günlük uzadılma verilə bilər. Ümumi 90 günlük müddət başa çatdıqdan sonra əgər Konqres müharibə elan etməyibsə və ya əməliyyatın davam etdirilməsinə icazə verməyibsə, prezident qoşunların geri çəkilməsini təmin etməyə borcludur.

Konqresdə vəziyyət hələ də qeyri-müəyyəndir. Tramp administrasiyasının İrana qarşı əməliyyatları üçün Konqresin təsdiqini alıb-almayacağı bəlli deyil. 15 apreldə Senatda keçirilən səsvermədə prezident səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi 52-47 səslə rədd edilib. Respublikaçıların böyük əksəriyyəti Trampı dəstəkləsə də, bəzi senatorlar əməliyyatların genişmiqyaslı müharibəyə çevrilə biləcəyi ehtimalından narahat olduqlarını bildirir və 60 günlük müddətdən sonra mövqelərini dəyişə biləcəklərinə işarə edirlər.

Qanundan yan keçməyin müxtəlif hüquqi yolları da mövcuddur. Keçmiş ABŞ prezidentləri Müharibə Səlahiyyətləri Qanununu müxtəlif əsaslarla aşmağa çalışıblar. Bunlardan biri 2001 və 2002-ci illərdə qəbul edilmiş Hərbi Qüvvələrdən İstifadə Səlahiyyəti (AUMF) sənədləridir. Bu səlahiyyətlər prezidentlərə “terrorizmə qarşı mübarizə” çərçivəsində geniş hərbi fəaliyyət imkanı verir. Tramp da 2002-ci il səlahiyyətindən iranlı general Qasım Süleymaninin öldürülməsi əməliyyatında istifadə etmişdi.

Digər bir yanaşma “münaqişə” anlayışının hüquqi şərhidir. 2011-ci ildə Liviya əməliyyatı zamanı Obama administrasiyası əməliyyatın “aktiv münaqişə” sayılmadığını əsas gətirərək, Konqresin təsdiqini tələb etməmişdi. Bundan başqa, bəzi prezidentlər Müharibə Səlahiyyətləri Qanununun konstitusiyaya zidd olduğunu iddia edərək, onun “baş komandan” kimi prezident səlahiyyətlərini məhdudlaşdırdığını irəli sürüblər.

Vəziyyət isə gərgin olaraq qalır. ABŞ və İran arasında 8 apreldə elan edilən və Tramp tərəfindən uzadılan atəşkəsə baxmayaraq, Fars körfəzi və ətraf bölgələrdə gərginlik azalmayıb. Son həftələrdə ABŞ Hərbi Dəniz Qüvvələrinin İran gəmisi ilə qarşıdurması, həmçinin İranın iki kommersiya gəmisini saxlaması vəziyyəti daha da kəskinləşdirib.

Bildirilir ki, sorğular müharibənin ABŞ ictimaiyyəti arasında populyar olmadığını göstərir. Bununla belə, Trampın açıq müharibə elan etmədən əməliyyatları müxtəlif formalarda, məsələn, blokadalar və ya xüsusi əməliyyatlar formasında davam etdirməsi ehtimalı da istisna edilmir.

Qarşıdan gələn ara seçkilər fonunda bu cür genişmiqyaslı və ictimaiyyət tərəfindən mübahisəli qarşılanan münaqişənin Respublika Partiyasına əlavə siyasi təzyiq yarada biləcəyi gözlənilir.