Türkiyə- Azərbaycan arasında yeganə gömrük qapısı açıldı

turkiye-azerbaycan-arasinda-yegane-gomruk-qapisi-acildi
Oxunma sayı: 3177

Türkiyənin Azərbaycanla yeganə gömrük qapısı olan Dilucu sərhəd keçid məntəqəsinin əsaslı yenidənqurma işlərindən sonra açılış mərasimi olub.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, oktyabrın 19-da keçirilən mərasimdə Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Türkiyənin gömrük və ticarət naziri Cenap Aşçı, eləcə də Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov, Türkiyənin Borsalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu, İğdır valisi Davud Hanel və digər rəsmi şəxslər iştirak ediblər.

Bildirilib ki, gömrük orqanları 24 saat fəaliyyət göstərir. Sədərək - Dilucu sərhəd keçid məntəqəsi vasitəsilə dünyanın 30-dan çox ölkəsi ilə ticarət əlaqəsi yaradılır. Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsində əsas yeri Türkiyə tutur.

Çıxış edənlər Dilucu sərhəd keçid qapısının yenidən qurulmasının ticarət əlaqələrinin inkişafında mühüm rol oynayacağını, malların və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsinə əlavə stimul verəcəyini xüsusilə vurğulayıblar.