“Altılı masa”nın iclası başa çatdı - Yenilənib

altili-masanin-iclasi-basa-catdi
Oxunma sayı: 7030

Türkiyə müxalifəti bu gün ölkədə mayın 14-ü keçiriləcək prezident seçkilərinə vahid namizədini açıqlayacaq.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, müxalifət liderlərindən ibarət “beşli masa” bu gün iclas keçirəcək. İclasdan sonra isə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun sözügedən namizədi elan edəcəyi gözlənilir. 

Xatırladaq ki, martın 2-si “altılı masa” iclas keçirib. İclasın gündəliyində əsas olaraq müxalifət liderlərinin ölkədə keçiriləcək prezident seçkilərinə vahid namizədinin müəyyən edilməsi daxil edilib. Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb. 

Qeyd edək ki, “altılı masa”ya  Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, İYİ Partiyasının sədri Meral Akşener, Demokratiya Partiyasının sədri Gültekin Uysal, Saadet partiyasının sədri Temel Karamollaoğlu, DEVA Partiyasının sədri Ali Babacan və Gelecek Partiyasının sədri Ahmet Davutoğlu daxil idi.

***

“TRT Haber”in məlumatına görə, müxalifət liderlərinin görüşü 1 saat təxirə salınıb.

Bakı vaxtı ilə 15:00-da başlamalı olan iclas 16:00-da başlayacaq. İclasın ertələnməsinə səbəb isə Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun İYİ partiyasının sədri Meral Akşenerlə görüşməsi olub.

***

M. Akşenerin müxalifət liderlərinin iclasında iştirak edib-etməyəcəyi hələ ki bəlli deyil.

***

Daha sonradan Kamal Kılıçdaroğlu, Meral Akşener, Mansur Yavaş və Əkrəm İmamoğlu arasında təqribən 15 dəqiqə davam edən görüş baş tutub.

***

Türkiyənin İYİ Partiyasının sədri Meral Akşener “altılı masa”ya geri dönüb.

***

“Altılı masa”nın iclası başlayıb.

***

İclas başa çatdı. İclasda CHP lideri Kemal Kılıçdaroğlunun prezident seçkilərində namizədliyinin irəli sürülməsinə dair qərar qəbul edilib.