Uitkoff və Kuşner Kiyevdə onlarla görüşəcək

uitkoff-ve-kusner-kiyevde-onlarla-gorusecek
Oxunma sayı: 270

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner cümə günü Ukrayna nümayəndələri ilə Kiyevdə mühüm görüş keçirəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “NewsNation” telekanalının jurnalisti Kelli Meyer “X” sosial şəbəkə hesabında məlumat yayıb.

“Uitkoff və Kuşner münaqişənin bütün aspektlərini əhatə edən və müharibənin dayandırılmasına yönəlmiş yeni vahid təklifi müzakirə etmək üçün Ukrayna rəsmiləri ilə görüşəcəklər”, – deyə jurnalist bildirib.

Mənbənin verdiyi məlumata görə, yüksəksəviyyəli danışıqlarda Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik üzrə müşavirləri, həmçinin Avropa İttifaqı və NATO nümayəndələri də iştirak edəcəklər.

Əlavə edək ki, bundan əvvəl Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Moskva və Vaşinqton arasında əməkdaşlıq imkanlarını Stiv Uitkoff və Cared Kuşnerlə müzakirə etmişdi.

Sentyabrın 5-də amerikalı danışıqçılar Moskvada Rusiya Prezidenti Vladimir Putinlə, ertəsi gün isə Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşərək münaqişənin nizamlanması yollarını nəzərdən keçirmişdilər. Uitkoff bu səfərlərin yekunlarına əsasən, əhəmiyyətli irəliləyişlərin əldə olunduğunu bildirmişdi.