Ukraynada sülh planının detalları açıqlandı - Fotolar

ukraynada-sulh-planinin-detallari-aciqlandi
Oxunma sayı: 1967

Ukraynalı deputat Oleksiy Qonçarenko ABŞ Prezidenti Donald Trampın hazırladığı bildirilən 28 maddəlik sülh planını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, deputat sənədin detallarını teleqram kanalında paylaşıb.

Məlumata görə, plan təhlükəsizlik zəmanətləri, ərazi məsələləri, hərbi razılaşmalar, Ukraynanın bərpası və Rusiyanın qlobal sistemdə rolu da daxil olmaqla, doqquz istiqaməti əhatə edir.

Təhlükəsizlik blokunda Ukraynanın suverenliyinin tanınması, NATO-ya üzvlükdən imtinanın Konstitusiyaya salınması, 600 minlik ordu limiti və ABŞ-nin şərti təhlükəsizlik zəmanətləri nəzərdə tutulur. Rusiya isə qonşu ölkələrə hücum etməyəcəyini və Avropaya qarşı təcavüzdən imtinanı hüquqi şəkildə təsbit etməlidir.

Ərazi məsələlərində Krım, Donetsk və Luqanskın işğal altındakı hissələri de-fakto Rusiya kimi tanınır, Xerson və Zaporojyedə təmas xətti “dondurulur”, bəzi bölgələr demilitarizasiya olunmuş bufer zona elan edilir.

Sənədin hərbi hissəsində NATO-nun Ukraynaya qoşun yerləşdirməməsi, qırıcıların Polşada dislokasiyası və ABŞ–NATO–Rusiya təhlükəsizlik dialoqunun başlanması yer alır.

Bərpa planına görə, Ukraynanın yenidən qurulmasına dondurulmuş Rusiya aktivlərindən 100 milyard dollar yönəldiləcək, eyni məbləğ də Avropa tərəfindən ayrılacaq.

Rusiya üçün sanksiyaların mərhələli aradan qaldırılması və G8-ə qayıdış imkanı nəzərdə tutulur.

Sənəddə həmçinin “hamı hamıya” prinsipi ilə əsir mübadiləsi, humanitar proqramlar, müqavilə imzalandıqdan 100 gün sonra seçkilər və tam amnistiya nəzərdə tutulur.

Razılaşmanın icrasına Donald Trampın rəhbərliyi ilə “Sülh Şurası” nəzarət edəcək. Saziş imzalanan kimi atəşkəs elan olunmalıdır.