Uşaqlar ictimai birliklər yarada bilər

usaqlar-ictimai-birlikler-yarada-biler
Oxunma sayı: 332

Uşaqların hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dövlətin əsas vəzifələri müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni - “Uşaq hüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, uşaqların hüquq və azadlıqlarının təmin edilməsi sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:

- Uşaqların hüquq və azadlıqlarının müdafiəsinə dair normativ hüquqi bazanın formalaşdırılması və təkmilləşdirilməsi;

- Uşaqların mənafelərinin üstünlüyü prinsipindən irəli gələrək dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlət büdcəsinin proqnozlaşdırılması;

- Uşaq hüquqlarının təmin edilməsi sahəsində dövlət proqramlarının və bu kimi digər sənədlərin işlənib hazırlanması və həyata keçirilməsi zamanı bu tədbirlərin uşaqların hüquqi vəziyyətinə təsirinin qiymətləndirilməsi mexanizminin yaradılması və tətbiqi; 

- Uşaqların hüquq və azadlıqlarının müdafiəsini təmin edən dövlət orqanlarının (qurumlarının), təhsil, tibb, sosial xidmət müəssisələrinin təsis edilməsi, uşaqların inkişafı və asudə vaxtının təşkili üzrə infrastrukturun yaradılması və təkmilləşdirilməsi;

- Sosial dəstək mexanizmlərinin tətbiqi vasitəsilə uşaqların sosial xidmət müəssisələrindən ailələrinə qaytarılması, qəyyumluğa (himayəyə), himayədar ailəyə verilməsi və ya övladlığa götürülməsi, eləcə də onların sosial xidmət müəssisələrinə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsi və həmin müəssisələrdə olan uşaqların fərdi inkişafının təmin edilməsi; 

- Təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə uşaqlarla müntəzəm təmasda olan şəxslərin (mütəxəssislərin) peşəkarlığının təmin edilməsi;

- Uşaqlara qarşı ayrı-seçkiliyin, zorakılığın bütün formalarının və erkən evliliyin qarşısının alınması;

- Uşaqların hüquq və azadlıqlarını, habelə qanuni mənafelərini pozan, onlara zərər vuran şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması;

- Uşaqların hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi.

***

Uşağın birləşmək hüququ qanunla müəyyən olunur. 

Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni - “Uşaq hüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, uşaqların qanunla müəyyən edilmiş qaydada onların fiziki, əqli və mədəni inkişafına xidmət edən ictimai birliklər yaratmaq və onlarda birləşmək hüququ var.

Uşaqların və uşaq ictimai birliklərinin siyasi fəaliyyətə cəlb edilməsinə yol verilmir.

Nuranə Daxilqızı