“Yarımdünya”da konkret, dolğun bir sujet izlədik. Xüsusən texniki parametrlərdə çatışmazlıqlarla da olsa, bir filmə baxdığını hiss edirsən.
Azərbaycanca danışan Şerlok Holms və Doktor Vatson isə tamaşaçıları güldürə bildi. Mən də güldüm. Yalnız “Xoxan” filminə baxanda gülmüşdüm. Bir də indi.
Filmdə taksi sürücüsü Məsləhət orazını canlandıran Elcan Rəsulovun adının mütləq çəkməliym. Onu istedadlı, gənc aktyor kimi tanıyırdım. Yanılmamışam. Filmdə ilk gülməli səhnə onun səhnəsidir. Ssenarinin bəzən xoşagəlməz şəkildə dağılmasına, xronometrajın gərəkdiyindən artıq olmasına baxmayaraq, izləməyə dəyər.
Mayın ortalarına doğru Ramil Ağasıyevin quruluş verdiyi və dostum Şahmar Səfəroğlunun operator postuna əyləşdiyi “Arzuların ardınca” melodramı görüşümüzə gələcək. Ümid edirəm ki, üzrəyimizcə olacaq. Çünki kinomuzun kinoteatrlara kəskin sıçrayışı başlayandan bəri, bu səpkidə izləyəcəyimiz ilk film olacaq.
İndi isə çönüb bir dünyaya da baxaq. “Qisasçılar: Altron dövrü” (Avengers: Age of Ultron") ən yaxşı kassa mübarizəsində rekord qırmağa çox yaxındır. Artıq indidən ilin ən çox qazanacaq filmi olacağına heç kimdə şübhə yoxdur. Hələ ABŞ-sız dünya miqyasında ilk həftəsonunda 201 milyon dollar qazanc əldə etdi. Hesab edirəm ki, müəlliflər uzağı 4 həftədə 2 milyard dollar ciblərinə qoyacaq, hətta, “Avatar” və “Titanik” kimi yapımları qabaqlayacaqlar.
Sürətsevərlərin 7-ci “Forsaj”ı da gözlənilən effekti verdi. Təkcə ABŞ-da hasilatını 350 milyon dollara çatdıran ekran əsəri, dünya miqyasında 1 milyard dolları ötdü.
Üzümüzə gələn və mənim nədənsə ən səbirsizliklə gözlədiyim film “Spektr”dır. (Spectre) Daniel Craigin 4-cü Ceyms Bondu bu dəfə daha inanılmaz missiya ilə qarşımıza çıxacaq. Üstəgəl Monica Bellucci. Bu filmi qaçırmaq olmaz. Yeri gəlmişkən “Skyfall” budan əvvəlki bütün Bond filmlərini üstələyərək müəlliflərinə təxminən 1,1 milyard dollar qazandırmışdı. Əminəm, “Spektr” bu rqəmi də keçəcək.
Missiyadan söz düşmüşkən, Tom Kruz (Cruise) da yenidən “həlledilməz” missiyasına başlayır. Yeni film təxminən “Yaramazlar qəbiləsi” adlanır. (Mission Impossible: Rogue Nation) 30 iyula qədər səbr etsəniz, nəyin nə olduğunu biləcəksiz.
İlin ən böyük partlayışını isə yəqin ki, “Batman” və “Superman” edəcək. (Batman vs Superman: Dawn of Justice) “Polad adam” (Man of Steel) filmi ilə istədiyi qazancı və səs-küyü əldə edə bilməyən Zack Snyder bu dəfə Yarasa Adamı da həyətə cəlb edib. Təkcə onu deyim ki, filmin teaseri “Youtube”da 3 gün ərzində 20 milyon dəfə izləndi.
“Batman”i Ben Aflek canlandıracaq. İlk dəfə. DC Comics sevərlər, kefiniz olsun.
Son xəbərlər
Son Xəbərlər