Uzun Həsənə həsr olunmuş ilk sərgi! - Fotolar + Video

uzun-hesene-hesr-olunmus-ilk-sergi
Oxunma sayı: 3551

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində Azərbaycan tarixinə ekskursiya etdirəcək “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin açılışı olub. Bu, Uzun Həsənə həsr olunmuş ilk sərgidir. 

“Qafqazinfo” xəbər verir ki, 2024-cü il yanvarın 17-dək davam edəcək sərgidə görkəmli dövlət xadimi və sərkərdə Uzun Həsənin həyatı, onun yaratdığı Ağqoyunlu dövlətinə dair məlumatlarla tanış olmaq və eksponatları izləmək mümkündür. 

Qeyd edək ki, bu il Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin  (1423 – 1478) anadan olmasının 600-cü ildönümüdür.

Sərgidə Türkiyənin İstanbul şəhərində yerləşən Hərb Muzeyindən çox nadir eksponatlar da yer alıb. Onların sırasında Uzun Həsənə aid olan nadir eksponat - onun zirehli geyimi mövcuddur. Bu eksponat Heydər Əliyev Mərkəzində nümayiş üçün 4 ay ərzində bərpa və konservasiya olunub. 

Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən aparıcı muzeylərindən - Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Tarix Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Gəncə Tarix Diyarşünaslıq Muzeyindən olan tarixi eksponatlar da səgidə nümayiş etdirilir. 

Sərgidə Uzun Həsən, onun oğlu və davamçısı Sultan Yaqubun zirehləri, XV əsr Azərbaycan cəngavərlərinə aid silahlar da nümayiş etdirilir. Eksponatlar arasında 1470-1480-ci illərə aid Təbriz miniatürlərinin əsasında tikilmiş Ağqoyunlu dövləti hökmdarının rəsmi geyimini də görmək mümkündür. Sərgi üçün xüsusi olaraq üzərində XV əsrə aid nadir Təbriz miniatürünün təsvir edildiyi xalçalar, eləcə də Uzun Həsənin mum heykəli və portreti də hazırlanıb. 

Burada Ağqoyunlu dövlətində mədəniyyət, o cümlədən memarlıq və incəsənətin inkişafını nümayiş etdirən fotoşəkillər, Türkiyənin Topqapı Sarayı Muzeyi tərəfindən təqdim edilən miniatürlərin, Türkiyənin Dövlət Arxivləri İdarəsi tərəfindən təqdim edilən Uzun Həsənin fərman və məktublarının surətləri ziyarətçilərə təqdim edilir. 

Sərgidə Ağqoyunlu dövlətinə məxsus sikkələr, arxeoloji qazıntılar nəticəsində tapılan keramika nümunələri, mis əşyalar da yer alıb. 
Sərginin suvenir bölməsi də ziyarətçiləri cəlb edəcək məkanlardan biridir. Burada Ağqoyunlu dövləti, Uzun Həsənə həsr olunan və digər maraqlı suvenirlər təqdim edilir. Sərgi ərəfəsində Uzun Həsənin obrazını əks etdirən kiçik çini heykəllər də hazırlanıb. Ziyarətçilər bütün bu suvenirləri sərginin davam etdiyi müddətdə Heydər Əliyev Mərkəzindən əldə edə biləcəklər. 

Qeyd edək ki, “AzerGold” QSC Uzun Həsənin 600 illiyi münasibətilə qızıl sikkələrin istehsalına başlayıb. Nəfis tərtibatda dizayn edilən, incə naxışlarla zərb qızıl sikkə ilk dəfə Heydər Əliyev Mərkəzində təşkil edilən “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisində nümayiş olunub və suvenir bölməsində məhdud sayda satışa çıxarılacaq. 

Uzun Həsənin  600 illiyi münasibətilə “Azərpoçt” MMC tərəfindən poçt markası da dövriyyəyə buraxılıb və sərginin açılışında həmin markanın təqdimatı olub. Buraxılış bir markadan və kupondan ibarət blok şəklində hazırlanıb. Markanın üzərində Sultan Uzun Həsənin tuğrası qızılı folqa ilə həkk olunub. Kuponun üzərində isə onun Ağqoyunlu dövlətinin hökmdarı olduğu illər göstərilib.  

Qeyd edək ki, sərgi çərçivəsində Heydər Əliyev Mərkəzi tərəfindən Azərbaycan və ingilis dillərində “Ağqoyunlu dövlətinin hökmdarı – Uzun Həsən” adlı kitab da hazırlanıb.