“Uzun müddətdir ki, “start” mövqeyindəyik”

uzun-muddetdir-ki-start-movqeyindeyik
Oxunma sayı: 3794


“Azercell Telekom” şirkətinin prezidenti Kiril Qaburiçin "Qafqazinfo"ya müsahibəsi

-Siz 2012-ci ilin sonunda Azercell şirkətinin prezidenti vəzifəsinə təyin olundunuz. Bu təyinatdan sonra şirkətin fəaliyyətində hansı dəyişikliklər nəzərdə tutulub?

- Prinsip etibarı ilə şirkət öz yolu ilə addımlayır. Bu yol bizim hər birimiz üçün aydındır: ölkənin və regionun mobil rabitə bazarında lider adını qoruyub-saxlamaq. Biz buna nail ola bilmişik. Azercell Azərbaycanın mobil rabitə bazarında ən yüksək bazar payı, ən çox sayda yenilikləri, ən geniş sayda əlavə xidmətləri, ən keyfiyyətli rabitəsi və müştəri xidmətləri ilə ölkənin aparıcı mobil operatorudur. Azercell 4G şəbəkəsini və xidmətlərini geniş şəkildə kommersiya əsaslı istismara verən regionda ilk mobil operatordur. Təsisçilərin dəstəyi və ən vacibi müştərilərimizin bizə etibar etməsi sayəsində fəaliyyətdə olduğumuz illər ərzində biz lider mövqeyimizi qoruyub saxlamağa müvəffəq olmuşuq. Bunun səbəblərindən biri odur ki, biz ölkə vətəndaşlarının daha təkmil xidmətlərdən yararlanması üçün böyük səylər tətbiq edirik və abunəçilərə lazım olan xidmətləri təqdim etməklə, ünsiyyəti daha rahat və xoş bir məşğuliyyətə çeviririk.

Ötən il Azercell mobil imzanı identifikasiya etmək üçün ASAN İmza xidmətini tətbiq edən ölkənin ilk mobil rabitə operatoru olmuşdur. Bu hər abunəçiyə istənilən fırıldaqdan qorunaraq elektron əməliyyatları həyata keçirməyə imkan verir.

Bu yaxınlarda təqdim etdiyimiz digər bir yenilik məlumatları təhlil edib, toplayıb, müvafiq qəbuledici cihazlara göndərməyə imkan verən M2M (məlumatın cihazdan- cihaza ötürülməsi) texnologiyası olmuşdur. Sözügedən texnologiyadan bank, nəqliyyat sektorlarında, təhlükəsizlik sistemlərində, səhiyyədə, kommunal xidmətlərdə və digər sahələrdə geniş istifadə oluna bilər. Bu texnologiya sayəsində Azercell abunəçiləri ən qabaqçıl yeniliklərdə istifadə edə və keyfiyyətli mobil rabitənin üstünlüklərindən yararlana biləcəklər.

- 2013-cü ili artıq geridə qoyduq. Ötən ili şirkət üçün uğurlu il adlandırmaq mümkündürmü? Şirkət üçün ötən ilin ən böyük nailiyyəti nə oldu?

- Ötən il haqqında söhbət düşübsə, o qədər də asan il olmamışdır. Lakin, biz bir komanda olaraq, bütün çətinliklərin öhdəsindən gəlməyə müvəffəq olduq. 2013-cü il ölkə Prezidenti tərəfindən informasiya və kommunikasiya texnologiyaları ili elan olunmuşdur. Bu abunəçilərimiz üçün yeni və qabaqcıl texnologiyaların, unikal xidmətlərin və təkliflərin işlənib hazırlanmasına dair bizə stimul vermişdir. Yeniliklərlə bərabər ötən il ərzində şəbəkəmizin də təkmilləşdirilməsi sahəsində böyük işlər görmüşük. Abunəçilərimizin səsə və 120% -lik inanılmaz artım tempi nümayiş etdirən informasiya axınına artan tələbatını qarşılamaq üçün biz var gücümüzü səfərbər etdik. Belə ki, şəbəkəmizin 20 % genişləndirilməsinə nail olduq və bu istiqamətdə həcm və müddət baxımından inanılmaz bir layihənin öhdəsindən gəldik: il ərzində 1220-dən çox yeni 2G/3G/4G radio baza stansiyaları quraşdıra bildik. 4G haqqında ayrıca qeyd edim ki, keçən il biz Azərbaycanda LTE şəbəkəsini və xidmətlərini geniş istismara verən ilk şirkət olduq və 250-dən çox 4G şəbəkəsini təmin edən radio baza stansiyası quraşdırdıq. Bizim şəbəkə artıq Bakı şəhərini və Abşeronun əksər hissəsini əhatə edir.

Şəbəkəmizin genişləndirilməsi və təkmilləşdirilməsi sahəsində görülən bu işlər həmçinin, qarşıdan gələn Mobil Nömrə Daşınması (MND)prosesinin hazırlıq mərhələsinin bir hissəsi idi. Yeri gəlmişkən, qeyd edim ki, biz artıq avqust ayından bu xidmətin göstərilməsinə tam hazırıq. Lakin, MND-nin başlanması tək Azercell deyil, bazardakı bütün oyunçulardan asılıdır və söhbət yalnız mobil rabitə operatorlarından getmir. Hal-hazırda bazarın bütün iştirakçıları hazırlıq işlərini yekunlaşdırırlar. Sözügedən layihənin 2014-cü ilin yanvar ayında başlanması planlaşdırılıb. Ümid edirik ki, bu tezliklə baş tutacaq, çün ki, biz MND-nin tətbiqində müştəri üçün aydın və əlverişli perspektivlər görürük.

Bu çoxfunksiyalı layihənin icrası istiqamətində şirkətimizin ən peşəkar mütəxəssisləri artıq 1,5 ildən artıq çalışırlar. Skandinaviyanın ən iri mobil rabitə operatoru TeliaSonera şirkətlər qrupunun tərkib hissəsi olaraq, biz həmçinin MND prosesini uğurla başa vuran digər üzvlərimizin qabaqcıl təcrübələrindən də yararlana bildik. Bir sözlə, biz artıq uzun müddətdir ki, “start» mövqeyindəyik və əminik ki, bütün müştəriləmizə ən yüksək səviyyədə xidmət göstərmək üçün yetərli imkanlarımız var və rəqiblərdən bizə keçən abunəçilər Azercell-də əlverişli və xoş müştəri təcrübəsi ilə üzləşəcəklər.

- Artıq qeyd etdiniz ki, şəbəkənin genişləşdirilməsi sahəsində Azercell bir çox işlər həyata keçirir. Onların ardı varmı və 3G/4G texnologiyalarının əsasında şirkətiniz hansı yenilikləri təqdim etməyi planlaşdırır?

- Sözsüz ki, bu sahədə işləri davam etdirəcəyik. Ölkənin tam coğrafi və ərazi baxımından əhatə olunmasına baxmayaraq, şirkətimiz şəbəkənin genişləndirilməsinə və rabitə keyfiyyətinin təkmilləşdirilməsinə dayanmadan sərmayə yatırır. Bir az öncə qeyd etdiyim layihələr sayəsində biz ötən il şəbəkəmizin tutum həcmini 20% genişləndirməyə müvəffəq olduq. Eyni zamanda, Bakı və onun ətraf kəndlərini 4G şəbəkəsi ilə əhatə etdik. İndi isə LTE şəbəkəsini regionlarda inkişaf etdirməyə planlaşdırırıq. Yeniliklər haqqında danışırıqsa, mobil bazarın lider şirkəti olaraq, Azercell hər zaman ən qabaqcıl texnologiyaların əsasında ən yaxşı məhsullar təqdim etmək niyyətindədir. Qeyd etmək lazımdır ki, bunu reallaşdırmaq o gədər də asan deyil – texnologiyalar dayanmadan inkişaf edir. Məsələn, 10 il əvvəl biz 2G şəbəkəsini və texnologiyalarını izləyirdik, lakin inkişafın bu sürətlə baş tutacağını bilmirdik. Təxminən 3 il öncə biz 3G lisenziyasını aldıq və ondan bir il sonra artıq 4G lisenziyasına sahib olduq. Bü gün isə mətbuatı açıb oxuyuruq ki, istehsalçılar artıq 5G texnologiyasını inkişaf etdirirlər. Beləliklə, təkamül prosesi dayanmadan davam edəcək və artacaq. Biz də, abunəçilərimizin etibarına və sərmayədarlarımızın güclü dəstəyinə arxalanaraq, ən son innovativ xidmətlərin işlənib hazırlanması, onların bizim bazarda ən qısa zamanda tətbiq olunması üçün əlimizdən gələni edəcəyik.

- Bəs növbəti ildə abonent sayının artımı üzrə hansı proqnozlarınız var?

- Bildiyiniz kimi ölkəmizin mobil rabitə bazarı artıq doymuş vəziyyətdədir – mobil telefonların yayılma göstəricisi, yəni penetrasiya 110%-dan yuxarıdır. Bu o deməkdir ki, artıq eyni zamanda 2 və yaxud 3 simkartdan istifadə edən abunəçi seqmenti

mövcuddur. Prinsip etibarı ilə, bü gün hətta uşaqlar belə telefondan istifadə edir. Bundan əlavə, elə abonentlər var ki, telefonda bir sim-kart, komputer və yaxud planşetdə digər sim-kartı istifadə edir. Sonuncu BakuTel sərgisində biz Azercell simkartlarının istifadə oluna biləcəyi yeni texnologiya nümayiş etdirdik. Söhbət “Ağıllı ev” layihəsindən gedir-Bu evi insan öz telefonu və ya planşeti vasitəsi ilə idarə edə bilir. Evin sahibi uzaq məsafədən telefonu ilə qapını açıb/ bağlaya, işıqları , siqnalizasiyanı, isitmə sisteminin yandırıb/söndürə bilər. Məsələn, ev yiyəsinin işdə və yaxud xaricdə olduğu vaxtda evə kimsə gələrsə və qapı zəngini basarsa, bu haqda ev yiyəsinin telefonuna dərhal məlumat daxil olur. Xəbər aldıqda ev yiyəsi telefonun ekranında qapı önündə dayanan şəxsi görür vəqonağı evə buraxmaq istədiyi təqdirdə, yenə də öz mobil telefonu vasitəsilə bunu birbaşa yerinə yetirir Biz insanların həyatının keyfiyyətini yaxşılaşdıran yeni texnologiyaların gücünə inanırıq və abunəçilərimizə onlarıtəqdim edirik. Mobil telefonun köməyi ilə bu innovativ texnologiyardan artıq istənilən yerdə istifadə etmək mümkündür.

Abonent bazasının artırılması ehtimalına gəldikdə isə, biz MND layihəsinə böyük ümidlər bəsləyirik. Biz inanırıq ki, bu təşəbbüsün tətbiqə başladığı andan etibarən ən keyfiyyətli rabitədə, ən yeni və çoxşeidli xidmətlərdə və ölkənin ən yaxşı abunə xidmətində marağı olan abunəçiləri məhz Azercell-i seçəcəklər. Biz hamını Azercell-də dünyasəviyyəli müştəri təcrübəsi əldə etməyə dəvət edirik.

- Son vaxtlar mobil xidmətlər üzrə tariflərin endirilməsi barədə fikirlər səslənir. Bununla əlaqədar planlarınız nədir?

- Tariflərin endirilməsi yalnız planlar deyil, biz bunu artıq edirik. Əksər abunəçilər üçün ən sərfəli tarif o tarifdir ki, ondan istifadə edərək insan daha uzun müddət ünsiyyətdə ola bilir və bunun müqabilində böyük xərc çəkmir. Məhz bu səbəbdən, biz ilk öncə abunəçilərimizin maraqlarını nəzərə alırıq- müntəzəm olaraq abunəçilərimizə yeni, sərfəli təkliflər edir, müxtəlif kampaniyalar keçirir və bazarda rəqabətli qiymətlər təqdim edirik. Qeyd edim ki, tariflərimiz ötən ilkilərdən ciddi şəkildə aşağıdır. Məsələn, son iki il ərzində Azercell mobil internet qiymətlərini 13 dəfə aşağı salmışdır! Bunun böyük bir göstərici olduğunu düşünürəm. Azercell öz abunəçiləri üçün maksimal dərəcədə sərfəli tarif cədvəli qurmağa çalışır. Bu yaxınlarda ölkənin regionlarında yaşayan abunəçilərimizə yönələn “Bölgə” adlı güzəştli tarif təqdim etdik. Bütün istiqamətlərə sərfəli 5 qəpik qiymətilə bərabər, bölgələrdə yaşayan abunəçilərimiz şəbəkədaxili zənglərin üçüncü dəqiqəsindən sonra 40-cı dəqiqəyə gədər pulsuz danışa bilirlər. Bu tarif üzrə ümumi qiymətin endirilməsi 50%-dan artıq olmuşdur.

Məhz bizdə üç milyondan artıq abunəçi, yəni müştəri bazamızın 70%, üçüncü dəqiqədən sonra sıfır tariflə danışır – bunların bir milyonu “Bölgə” tarifinin, digər iki milyonu isə gənc seqmentlər üçün tariflərin istifadəçisidirlər.

Artıq 4 ildən artıq müddətdir ki, bizdə loyallıq proqramı fəaliyyət göstərir və abunəçinin öz hesabına yüklədiyi məbləğ ona müntəzəm olaraq bonuslar qazanmağa imkan yaradır. Korporativ müştərilərimiz daha sərfəli şəbəkədaxili tariflərimizi və tərəfdaş dükanlarda geniş endirim imkanları açan Bizklub proqramını çox yüksək dəyərləndirirlər. Bizdə həmçinin sevimli nömrələr seçimi verilir ki, müştərilərimiz istədikləri nömlərlə, hətta xarici abunəçi olsa belə, 50%-ə gədər endirimlə danışa bilsinlər.

Həmçinin Azercell müxtəlif abunəçi seqmentləri üçün çeşidli tariflər təklif edir – tələbələr, dövlət qulluqçuları, veteranlar, jurnalistlər, smartfon istifadəçiləri.

Qeyd etmək istərdim ki, benzinin qiymətinin artdığı bir vaxtda , mobil operatorlar abunəçilər üçün beynəlxalq zənglərin qiymətini 50% aşağı salmışdırlar.

Eyni zamanda,ölkənin aparıcı mobil rabitə operatoru olaraq, məqsədimiz sürətli mobil internetdən geniş istifadəni mümkün edən smartfonlar və planşetlər kimi müasir cihazları abunəçilərimiz üçün daha əlçatan etməkdir. Buna nail olmaq üçün biz yeni tərəfdaşlarla müqavilələr imzalayır,müştərilərimizə maraqlı və əlverişli təkliflər təqdim edirik.

- Hal-hazırda Azercell Azərbaycan mobil rabitə bazarının 53%-nə nəzarət edir. Siz bunu nə ilə əlaqələndirərdiniz?

Sözsüz, bu rəqəm bizi sevindirir. Bu onu göstərir ki, Azərbaycanın hər ikinci vətəndaşı Azercell-ə üstünlük verir və bizim xidmətlərdən istifadə edir. Bu həmçinin rabitə xidmətimizin keyfiyyətli, dünya səviyyəli yüksək texnoloji servislərimizin əlverilşli və müştəri xidmətlərimizin səviyyəsinin çox üstün olmasına dəlalət edir. Azercell bazarda dəyərli bir oyunçudur. Qeyd etdiyiniz əlamətdar göstərici -onu sübut edir ki, düzgün qərar verib Azercell-i seçmək lazımdır.

- Növbəti ildə yatırılacaq sərmayənin həcmi nə qədər olacaq?

- Sərmayənin dəqiq həcmi üzrə rəqəm hal-hazırda açıqlana bilməz, lakin ən yaxın gələcəkdə biz bu və 2013-cü ilin nəticələrinə aid digər rəqəmləri bəyan edəcəyik. Hələlik isə onu qeyd edim ki, fəaliyyətdə olduğumuz müddət ərzində ölkəmizin iqtisadiyyatına bir milyard manatdan artıq vəsait yatırmışıq. 2012-ci ildə şirkətimiz Azərbaycanın telekommunikasiya sektorunun inkişafına 100 milyon manata gədər vəsait yatırıb. Biz ölkənin qeyri-neft sektorunun ən iri sərmayədarıyıq. Çalışdığı 17 il ərzində Azercell dövlət büdcəsinə 1 milyard manat həcmində ödənişlər edib. Dövlət büdcəsinin bir neçə dəfə artmasına baxmayaraq, 2012-ci ildə Azercell-in dövlət büdcəsindəki payı 1,24% təşkil etmişdir. Həmin 2012-ci ildə sosial layihələrin icrasına şirkətimiz 1,6 mln manat, bütün fəaliyyəti dövrü ərzində isə 13,2 mln manata gədər vəsait xərcləyib.

- Kiril Qaburiçin rəhbərliyi hansı prespektivlər vəd edir? Azercell şirkətinin prezidenti kimi hansı məqsədlərə çatmaq istəyirsiniz?

Söhbətin əvvəlində qeyd etdiyim kimi, mənim məqsədim məndən əvvəl başlanan işi davam etdirməkdir. Mənim üçün vacib məsələ odur ki, şirkət düzgün istiqamətdə inkişaf etsin. Sözsüz ki, bu yolda müxtəlif döngələr və maneələr ortaya çıxır. Kiril Qaburiçin şirkətdə etibarlı və peşəkar komandası olmasa, O, təkbaşına heç nəyi dəyişə bilməz. Bu heyət mənə hər işdə dəstək verir, biz birgə irəliləyir və söz açdığım nailiyyətlərə imza atırıq.

- Hər bir xalqın milli özünəməxsusluğu var. Bəs bazarı araşdırarkən bu məsələləri nəzərə alırsınız?

Bəziyeniliklər bazarlara digərlərindən daha tez çatır. Eyni zamanda, elə məhsullar var ki, bir bazarın xüsusiyyətlərinə və təlabatına görə keçərlidir, digərində isə ümumiyyətlə popyular deyil. Moldova ilə Azərbaycanı müqayisə etdikdə əminliklə deyə bilərəm ki, hər iki ölkədə insanlar yeni texnologiyalara çox çevik reaksiya verirlər. Bir neçə il öncə insanlar çoxfunksiyalı telefonları istifadə etməkdən çəkinirdilərsə, hal-hazırda təmamilə əks meylləri müşahidə edirik. İstifadəçilər rahatlığa üstünlük verir və həyatlarını geniş imkanlara malik olan yalnız bir cihaz – mobil telefon vasitəsilə idarə etmək istəyirlər. Biz isə, öz növbəmizdə, abunəçilərimiz üçün bu imkanları təmin etməyə çalışırıq.

- Bunu müsbət bir hal hesab edirsiniz?

Bəli, müsbət bir haldır. Mobil telefonun çoxfunksiyalı olması tələbatı insanların aktiv həyat rejimində olmaq istəklərini göstərir. Bu həyat tərzi onları rahatlıq və daha keyfiyyətli həyat üçün müxtəlif texnologiyalardan istifadə etməyə vadar edir. Telefon artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilir. Burada bütün məlumat, yazışmalar, internetə çıxış, təqvim, gündəlik cədvəl, planlar və biznes görüşlər, naviqator və digər müasir xidmətlər öz əksini tapıb.

Söz gəlmişkən, qeyd edim ki, Azərbaycanın mobil rabitə bazarı şübhəsiz ki, regionun ən inkişaf etmiş və iri bazarıdır. Burada Cənubi Qafqazın ən böyük abunəçi bazası yerləşir. Bu xidmələtlərin çeşidində, yeni texnologiyaların sayı və tətbiqi müddətində özünü bariz göstərir. Azercell-in qabaqcıl mövqeyi bizim qarşımızda əlavə öhdəlik qoyur ki, biz liderliyimizi və üstünlüyümüzü yalnız rəqiblərlə müqayisədə deyil, eyni zamanda bütün fəaliyyət sahələrimiz üzrə özümüz- özümüzlə nümayiş etdirməliyik. Maraqlı bir faktı qeyd edim ki, ölkəmizin mobil rabitə tarixçəsində Azercell bir çox mobil yeniliklərin Azərbaycanda və bir qisminin isə hətta Cənubi Qafqazda təqdim olunmasında birinci olmuşdur. Söz açdığım dördüncü nəsil texnologiyası olan 4G-nin ölkədə və regionda ilk kommersiya əsaslı geniş tətbiqi də məhz Azercell-in Bununla yanaşı, zamanında əvvəlcədən ödəmə, mobil internet, mobil bank xidmətləri, mobil naviqasiya, avtomobil parkının idarə edilməsi, Blackberry xidmətləri, mobil imza (ASAN imza), Azercell Ekspres dükanlarında “üçü bir yerdə” konsepsiyası, 24/7 rejimində çalışan telefon mərkəzləri, həftənin 7 günü işləyən müştəri xidmətləri ofisləri, dərhal onlayn abunə xidmətləri və bir sıra digər servisləri ilk dəfə ölkəmizdə təqdim edən məhz bizim şirkət olmuşdur.

- Siz artıq bir ildir ki, Azərbaycandasınız və çox güman ki, xalqımızın bəzi xüsusiyyətlərinə bələdsiniz. Məsələn, Moldovada sizə sual versələr, Azərbaycanlıları iki-üç sözlə necə xarakterizə edərsiniz?

-İlk olaraq deyim ki, bu ölkədə olmaq mənim üçün çox xoşdur çünki, xalqınız səmimi, açıq və mənə yaxın olan bir xalqdır. İnsanlar məmin Moldovadan, Türkiyədən və yaxud Stokqolmdan olmağıma diqqət yetirmirlər… Onlar məni doğma insan kimi qəbul edirlər, mən onların dəstəyini daim görürəm və məhz bunun sayəsində mən indiyə kimi heç bir çətinlik, maneə və ya problem hiss etməmişəm. Burada işləmək çox rahatdır. Bakı ilə Kişinev arasnda ciddi bir fərq hiss etmədim. Ola bilsin ki, Moldovada qalan dostlarım üçün arabir darıxım. Lakin, telefonla onlarla danışmaq, hətta onları görmək imkanım olur. Azərbaycanlılar çox qonaqpərvər, doğma və qayğıkeş xalqdır. Bir çətinliklə üzləşsəm – dərhal gəlib kömək edəcəklər və mən bunun dəfələrlə şahidi olmuşam. Azərbaycanlılar işləməyi sevir, daha yaxşı gələcək qurmaq üçün insanlarınız əlindən gələni edir. Bunu ölkə rəhbərliyindən başlayaraq, hər bir azərbaycanlının işində müşahidə etmək mümkündür. Hamı ölkədə gedən proseslərin və təkamülün tərkib hissəsi olmağa çalışır.

- Bildiyimiz qədər, siz avtomobil yarışlarına böyük maraq göstərirsiniz. Qısa desək sürəti sevirsiniz. Bəs bu il ərzində Bakı tıxacları sizin sürətə olan marağınızı azaltmayıb?

- Qətiyyən, mən həftəsonu maşını özüm idarə edirəm. Bakıya gəldiyim ikinci həftədən etibarən artıq özüm sürməyə başladım. Sükan arxasında olmağı və maşın sürməyi çox sevirəm. Şəhər içində sürətlə sürmürəm, qaydalara riayət edirəm. Şəhərdən kənara, bölgələrə çoxlu səfərlər edirəm. Söz gəlmişkən, çox mənzərəli təbiətiniz var. Yarışlara olan marağım səngiməyib, bu mənim üçün bir xobbidir. Hər kəs özünə uyğun bir məşğuliyyət tapır ki, özünü rahat hiss etsin, sevdiyi məşquliyyət ona öz daxili dünyasını daha yaxşı öyrənməyə imkan versin. Xoşladığım bir kəlam var: “Həyatının hansı yaşında olmağın vacib deyil, əsas hər yaşın həyatla dolu olmasıdır”. Yəni neçə il deyil, nə cür yaşamağın vacibdir.

- Artıq Yeni İlin gəlişini qeyd etdik. Sirr deyilsə, bayramı harada keçirdiniz?

- Yeni il bayramını ailəmlə bir yerdə qeyd etməyə çalışıram. Yeni il abu-havasına bütövlüklə qovuşmaq üçün qar və bayram əhval-rühiyyəsi olan bir məkana getdik. Beləliklə, bayramları xizək kurortunda keçirməyə qərar verdik və bu idman növünü çox sevdiyimiz üçün bayramı çox böyük sevinclə qeyd etdik. Bütün ailəmiz xizək sürmək üçün ildə ən azı iki dəfə bir yerə toplaşır və ona görə çox şadıq ki, artıq uzaqlara getməyə ehtiyac qalmır- indi bu imkanlar Azərbaycanda da mövcuddur.

Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını Yeni İl münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə can sağlığı və rifah arzulayıram!