ABŞ Konqresində Pentaqon və kəşfiyyat orqanlarına nəzarət edən komitələrin Venesuelaya qarşı həyata keçirilən əməliyyatdan əvvəl məlumatlandırılmadığı iddia edilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) məsələ ilə tanış rəsmilərə istinadən məlumat yayıb.
Bildirilib ki, Pentaqona və kəşfiyyat qurumlarına nəzarət edən komitələrə ABŞ-nin Venesuelaya müdaxiləsi barədə məlumat yalnız əməliyyat başlandıqdan sonra verilib.
Digər tərəfdən, Tramp administrasiyasının əməliyyatdan əvvəl Nümayəndələr Palatasının və ya Senatın üzvlərinə məlumat verib-vermədiyi hələ müəyyən edilməyib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 02:00 radələrində Venesuelanın paytaxtı Karakasda partlayış və təyyarə səsləri eşidilib. Partlayışlardan sonra Venesuela hökuməti ABŞ-ni ölkənin müxtəlif mülki və hərbi obyektlərinə hücum etməkdə ittiham edib.
ABŞ Prezidenti Donald Tramp isə Venesuela Prezidenti Nikolas Maduroya qarşı genişmiqyaslı əməliyyatın başladığını və Maduro ilə həyat yoldaşının ölkədən təxliyə edildiyini açıqlayıb.
ABŞ-nin baş prokuroru Pam Bondi isə bildirib ki, Maduro və həyat yoldaşı Siliya Flores ABŞ-də ittiham olunublar. Maduroya qarşı “narkoterrorizm, kokain qaçaqmalçılığı və ABŞ-yə qarşı pulemyot və təxribat qurğuları saxlamaq” ittihamları irəli sürülüb.
Son xəbərlər
Son Xəbərlər