Vətəndaş Polis Şöbəsində döyülüb? - Rəsmi açıqlama

vetendas-polis-sobesinde-doyulub
Oxunma sayı: 3476

Ağsu sakini Rəşad Əliyev rayon ərazisində polis tərəfindən qanunsuz olaraq saxlanıldığını iddia edir.

Bu barədə “Qafqazinfo”ya müraciət edən vətəndaşın sözlərinə görə, Ağsu Rayon Polis Şöbəsində fiziki təzyiqlərə məruz qalıb. R.Əliyev deyir ki, onu buraxmaq üçün yaxınlarından 500 manat rüşvət alıb, üstəlik 80 manat da cərimə yazıblar.

Polislər onun saxlanılma səbəbini R.Əliyevin küçə ticarəti ilə məşğul olması ilə izah ediblər: “Aprelin 21-i əmimin idarə etdiyi maşınla həyat yoldaşıma aid malları onun rəfiqələrinə göstərməyə getdik. Bu vaxt Post Patrul Xidməti avtomobili yaxınlaşdı və üç polis düşərək məni şöbəyə aparacaqlarını dedi. Onlardan səbəbini soruşanda dedilər ki, küçə alveri edirəm. Mən dedim ki, heç maşının baqajı açılmayıb, insanlar toplaşmayıb, satış üçün çağırış etmirik, sadəcə dayanmışıq. Burada heç bir alver ola bilməz. Dedilər ki, gedək şöbədə aydınlaşdıraq. Şöbəyə girəndə məndən sənəd istədilər, əlillik vəsiqəmi təqdim edib 2-ci qrup əlil olduğumu dedim. Sahə müvəkillərinin rəisi dedi ki, “hər şeyin öz adamı var, kimisə görmək lazımdır, ondan sonra nəsə sata bilərsən”. Mən də dedim ki, burada küçə alveri yoxdur. Kənarda olan polislərdən biri “səsini aşağı sal” deyib üstümə qışqırdı və sinəmdən yumruqla vurdu. Yanındakı polis boğazımdan tutub, divara sıxıb məni boğmaq istədi. Bir anlıq gözlərim qaraldı, özümü itirdim. Məni boğan adam qışqırıb əmr verdi ki, bunu basın “kletka”ya. Polislər də dedilər, “oldu, Vüsal müəllim”. Onda bildim ki, məni boğan rəis müavini Vüsal imiş. Polislərə dedim ki, məni kameraya salmayın, epilepsiya xəstəsiyəm, vəziyyətim pis olacaq. Axşama kimi məni orada saxladılar, sonra evdən dərmanlarımı gətirdilər”.

Şikayətçi iddia edir ki, şöbədə ona sənədə qol çəkdirmək adı ilə cərimə də yazıblar: “Dedim ki, mən oxuma-yazma bilmirəm, anadangəlmə xəstə olduğum üçün heç vaxt məktəbə getməmişəm. Polisdən xahiş etdim ki, mənə orada yazılanı ucadan oxusun. Polis də oxudu ki, guya mən şöbədə daxil olma və çıxma haqda sənədə imza çəkirəm. Oradan çıxıb evə gəldim. Səhəri gün gördüm ki, səhhətim getdikcə ağırlaşır, təcili tibbi yardım çağırdıq, onlara da polis şöbəsində döyüldüyümü dedim. Daha sonra da hər gün xəstəxanaya gedib müalicə olunuram. Mən şöbədə saxlanılanda da yoldaşım 102 xidmətinə məlumat vermişdi. Şöbədən çıxandan sonra da özüm “102”yə və Baş Prokurorluğun qaynar xəttinə müraciət etdim. İki gün sonra mənə mesaj gəldi ki, küçə ticarətinə görə 80 manat cərimə olunmuşam. Sənədi oxuyan polis məni aldadıb, protokola qol çəkdiribmiş. Mən bunu bilib hay-küy salanda evdə dedilər ki, mənim buraxılmağım üçün müavin Vüsal Əliyev ailə üzvlərimdən 500 manat rüşvət alıb. Bunların hamısını 102 xidmətinə və prokurorluğa bildirsəm də, nə polis şöbəsi, nə rayon prokurorluğu işi araşdırır. Mənlə maraqlanan yoxdur, rəis müavini Vüsalın kimə arxalandığını bilmirəm. Şöbədə döyüləndən sonra xəstəliyim də ağırlaşıb”.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinə sorğu ünvanladıq. Xidmətin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov sorğuya cavab olaraq bildirdi ki, aprelin 21-də Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı şəhərin Ü.Hacıbəyov küçəsində Rəşad Əliyevin qanunsuz küçə ticarəti ilə məşğul olduğu aşkarlanıb: “Müəyyən edilməyən yerdə ticarətlə məşğul olduğu ona izah edilib və barəsində inzibati tənbeh tədbiri görüləcəyi bildirilib. Buna baxmayaraq, həmin şəxs polis şöbəsində də səs-küy salaraq polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayıb. R.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti,yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə ) maddəsi ilə protokol tərtib olunub.

Ona qarşı polis şöbəsində qanunsuz tələblər irəli sürülməsi, eləcə də fiziki güc tətbiq olunması ilə bağlı iddiaları əsassızdır. Belə ki, daha sonra əməlindən peşmançılıq keçirdiyini R.Əliyev öz imzası ilə təsdiq etdiyi izahatında da qeyd edib”.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətinə sorğu ünvanladıq. Prokuror Aynur Əfəndiyeva sorğumuza cavab olaraq bildirdi ki, faktla bağlı hazırda Ağsu rayon prokurorluğunda araşdırma aparılır: "Müvafiq ekspertizalar təyin edilib, izahatlar alınıb. Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın verilməsi təmin ediləcək".

Amin Nəzərli