“Köhlən atları köhnə kişilər minib o dünyaya getdilər…”
Ənvər Məmmədxanlı bu cümləni 1937-ci ildə yazmışdı. Həmin vaxt türkiyəli yazıçı Yaşar Kamalın 14 yaşı var idi və o, illər sonra yazacaqdı: “O iyi insanlar o güzel atlara binip çekip gittiler…”
Amma mən daxil, əksəriyyətimiz illərlə bu gözəl ifadəni Yaşar Kamalınkı kimi təqdim etmişik. Bəlkə də bu bizdə əski bir deyim olub, Ənvər Məmmədxanlı da bunu babasından, nənəsindən eşidib. Məsələ budur ki, bu deyim Türkiyədə xalq deyimi olsaydı, Yaşar Kamalın adına çıxarmazdılar. Demək ki, hər nədirsə, bizdəndir.
Təkcə bu deyil, Ənvər Məmmədxanlı ədəbiyyata ən çox qazandırıb altına imza atmayan şəxsiyyətdir. Xəlvəti təskinliyi ilə yalnız yaradıb və qazandırıb. Az əvvəl çəkdiyim misalın da yer aldığı “Ayrıldılar” hekayəsi…
Elə bu hekayənin həndəvərində ikən demək lazımdır ki, Məmmədxanlı nəsrimizin qəliblərini genişləndirib, özbaşına işlər görüb və öz başı yetərincə zəkalı olduğundan ədəbiyyatda baş götürüb hərləndiyi yerlərə sonradan cığırlar, yollar düşüb.
Cümlədaxili manevrlərindən tutmuş, “və” ilə başlayan cümlələrinə qədər - nəfəsi ədəbiyyat qoxur. Məsələn, onun həkayələrinin adları da yetərincə yeni və fərqlidir… “Ayrıldılar…” Ənvər Məmmədxanlıya qədər heç şeirinə də belə ad qoyan bir müəllif tapmazsınız. O da qaldı, hekayəsinə. Bir cümlədən ibarət xəbər, spoyler… İndi gəl ayrılığını anons etdiyin bir münasibəti elə yaz ki, sonu bilinən bu manifest oxucuya maraqlı olsun.
Onun nəfəsini, hətta yaratdığı bir çox səhnələri də əksər yazıçılarımız bilərəkdən-bilməyərəkdən mənimsəyib. Məsələn, elə “Ayrıldılar” hekayəsində - yeri gəlmişkən, bu hekayəyə bir atın hekayəti də deyə bilərik - Tərlan atı qaşqasından naqanla vurub qayadan atırlar. Özü də yiyəsi! Eyni səhnə İsmayıl Şıxlının “Ölüləri qəbiristanda basdırın” hekayəsində də var. Orada da Göy atı yiyəsi “Naqan”la alnından vurub dərədən atır.
İddia etmirəm ki, bu, plagiatdır, demək istəyirəm ki, Ənvər Məmmədxanlı ədəbiyyatımızın və ədəbiyyatçılarımızın canına hopub və hər kəs onu özününkü bilərək yaşadığından adı kiminsə dilinə gəlmir - təəssüf…
Elə bir “Ayrıldılar” hekayə üzərindən Ənvər Məmmədxanlının taleyini və ədəbi performansının ştrixlərini nişan vermək olar. Təəssüf ki, 1937-ci(!) ildə yazılmış bu hekayəni Səməd Vurğun kəskin tənqid edib. Hətta bu hekayə barədə “Niyə ayrıldılar?” adlı bir tənqidi məqalə də yazıb. Məmmədxanlı möcüzə nəticəsində həmin il - 1937-ci ildə öldürməyə yazıçı gəzən rejimin gülləsindən 24 yaşlı köksünü yayındıra bilib.
Yeri gəlmişkən, Ənvər Məmmədxanlı Mircəfər Bağırovla qorxmadan danışan yeganə yazıçı olub. Hətta dəfələrlə Bağırovla söz güləşdirdiyinə görə “kraldan çox kralçı olanlar” onu Yazıçılar İttifaqından uzaqlaşdırıb, adı hər yerdə qara siyahıya salınıb.
Repressiya illərində öldürməyə yazıçı axtaran rəhbərlərlə yanaşı, həmkarını güdaza verib meyitinin arxasında gizlənməyə çalışan yazıçılar da az olmayıb.
Məmmədxanlı məhz belə mərdə məzar qazılan bir zamanda ideologiyanın birləşdirdiyi yox, ideologiyanın ayırdığı insanların - yəni əsl insan taleyini yazırdı. Onun özünü də ideologiya ayırmışdı.
Deyilənə görə, uzun illər Hüseyn Cavidin qızı Turan Cavidi sevib. “Xalq düşməni”nin qızı ilə evlənə bilmədiyindən ömür boyu subay qalıb - eləcə də Turan Cavid.
“Buz heykəl”, “Karvan dayandı”, “Qızıl qönçələr”dən başlayan - bu gün səbəbini bilmədən ürpəndiyimiz əksər nəsr təhkiyələrinin arxasına düşüb nasirlərimizi qapı-qapı gəzəndə gedib Məmmədxanlının tənha komasına çıxırıq.
Bu gün Azərbaycan ədəbiyyatının özəl ilmələrindən olan Mövlud Süleymanlı, Əkrəm Əylisli və 60-cıların bəzi sanballı nümayəndələrinin nəsr dünyasının başlanğıcı Ənvər Məmmədxanlıdan doğur. Onun 1944-cü ildə yazdığı “Karvan dayandı…” hekayəsinin təhkiyəsi Azərbaycan nəsrində ilkdir və ondan təsirlənən sonrakı bütün nəsr nümunələri ədəbiyyatımızın ən yaxşı nümunələrindən sayılır.
Kimsə bəhrələndiyini gizlətmək üçün, kimsə bəhrələnə bilmədiyini gizlədiyi bu şəxsiyyət əslində çağdaş nəsrimizin atasıdır.
Adına Sarayda, Maştağada küçələr var… Bir də Ucarın bir kəndi onun adını daşıyır - Ənvər Məmmədxanlı kəndi.
Sərdar Amin
Xüsusi olaraq “Qafqazinfo” üçün