“Xaricdə təhsil proqramının böyük hissəsi magistr pilləsini əhatə edəcək”

xaricde-tehsil-proqraminin-boyuk-hissesi-magistr-pillesini-ehate-edecek
Oxunma sayı: 1532

“Xaricdə təhsillə bağlı yeni dövlət proqramı hər il bir neçə yüz gənci əhatə edəcək”. 

“Qafqazinfo” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Sərəncamı ilə bağlı bu gün keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, hər bir sahə üzrə əvvəlki proqramdan fərqli olacaq:

“Əvvəllər xaricdə universitetlərin siyahısını tərtib edirdiksə, artıq daha hədəfli yanaşma var. Mövcud prioritetlər üzrə daha reytinqli proqramların siyahısı tərtib olunacaq. Təkcə universitetin yox, ixtisasların da siyahısı müəyyən ediləcək. Bunu ona görə edirik ki, bəzən universitetin reytinqi yüksək olsa da, hansısa ixtisasın reytinqi yüksək olmur. Bu proses müxtəlif dövlət qurumlarının iştirakı ilə müəyyənləşəcək”.

E. Əmrullayev bildirib ki, proqram həm bakalavr, həm də magistratura pilləsini əhatə edəcək. Lakin proqramın əksər hissəsi magistr pilləsini əhatə edəcək. Bakalavr dərəcəsi üzrə müəyyən nəticələr əldə etmiş gəncləri əhatə edəcək. 

Təhsil naziri əlavə edib ki, seçim kriteriyaları arasından ən uyğunu müəyyənləşəcək. Bir seçimin Təhsil Nazirliyi və ya digər aidiyyəti qurum tərəfindən aparılması mümkündür. Həmçinin ali təhsil müəssisəsi ilə əməkdaşlıq da mümkündür.

Gülnar Əliyeva