“Xəlil içirdi deyə oğluma ondan uzaq durmasını deyirdim...”

xelil-icirdi-deye-ogluma-ondan-uzaq-durmasini-deyirdim
Oxunma sayı: 9926

Ötən ilin noyabrında tanınmış alim və iş adamı olan Mirzəxan Mənsimovun oğlunun ölümünə səbəb olan yol qəzası törətmiş sürücünün məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində “BMW” markalı avtomobillə ağır qəza törətmiş 1993-cü il təvəllüdlü Xəlil Əsədli 5 il azadlıqdan məhrum edilib. 1994-cü il təvəllüdlü Nurlan Mənsimlinin ölümü ilə nəticələnən hadisəni törətmiş sürücü Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilib.

Bildirilib ki, «BMW M5» markalı avtomobil Nurlana məxsus olub və həmin vaxt nəqliyyat vasitəsini Xəlil sərxoş halda idarə edirmiş. Onlar 20 noyabr tarixində saat 05:25-də Səbail rayonu ərazisində - Şeyx Şamil və Abdulla Şaiq küçələrinin kəsişməsində metronun “İçərişəhər” stansiyasından üzü Nərimanov heykəlinə doğru hərəkətdə olarkən avtomobil Xəlilin idarəetməsindən çıxaratq sürətlə maneəyə çırpılıb.

Nurlan Mənsimlinin atası, tanınmış coğrafiyaçı alim, həmçinin “İqlim” MMC-nin rəhbəri olan Mirzəxan Mənsimov məhkəmədəki ifadəsində Xəlilə ağır cəza verilməsini istəyib. O,  yeganə oğlu olan Nurlanın daha əvvəl həmin şəxsdən uzaq durmasını istədiyini də bildirib: “Bu hadisə ailəlikcə hamımızı məhv edib. Xəlil içki içən olduğundan onun həyat tərzi xoşuma gəlmirdi və həmişə oğluma ondan uzaq olmasını deyirdim. Nurlan içki içən, siqaret çəkən deyildi. Hadisə vaxtı avtomaşının sürətinin 80 km/saat olmasına inanmıram, sürət daha çox olub. Ayıq sürücü ola-ola, avtomobilin Xəlil tərəfindən sürülməsi də mənim üçün qaranlıq qalan məsələlərdən biridir. Nə ibtidai istintaq mərhələsində, nə də hazırda təqsirləndirilən şəxsə qarşı maddi və mənəvi tələbim olmayıb.

Lakin məhkəmə tərəfindən təqsirləndirilən şəxsin qanun çərçivəsində cəzalandırılmasını istəyirəm. İnsanların belə hadisələri törətmiş şəxslərin hansı cəzaya layiq olmalarından dərs almaları və Xəlilin sərxoş halda maşın idarə etməsinin cəzasının nə olmasını bilmələri üçün təqsirkar şəxsin ciddi şəkildə cəzalandırılması arzusundayam”.

Məhkəmədə M.Mənsimovun ibtidai istintaqa təqdim etdiyi barışıq ərizəsi qeyd edilib.

Şahid kimi ifadə verən ayıq sürücü isə sükan arxasına Xəlilin keçməsini mərhum Nurlanın istədiyini deyib.

Həmçinin məlum olub ki, qəzaya düşən şəxslər dost olublar və onlar gecə saatlarında şəhərə gəzintiyə çıxıblarmış.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin nəticəsində Xəlil Əsədliyə 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib və barəsindəki polisin nəzarəti altına verilmə qətimkan tədbiri dəyişdirilməyib.

Nizam Rza