Xəstə uşağın təcili yardım maşınından düşürülməsi ilə bağlı açıqlama - Video

xeste-usagin-tecili-yardim-masinindan-dusurulmesi-ile-bagli-aciqlama
Oxunma sayı: 1176

Tovuz Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadasının ağır vəziyyətdə olan xəstə uşağı yolda köməksiz vəziyyətdə qoyduğu iddia olunur.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb.

Bildirilir ki, hadisə dünən Tovuz rayonunda baş verib. Görüntüdə iddia olunur ki, rayon sakini olan uşaq ağır vəziyyətdə Tovuz RMX-yə aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, xəstənin vəziyyəti daha da ağırlaşıb və onun Bakıya göndərilməsinə qərar verilib. Bu məqsədlə Tovuz Rayon Mərkəzi Xəstəxanası azyaşlını təcili tibbi yardım briqadası ilə Bakıya yola salıb. Lakin briqada yolda uşağın vəziyyətinin ağırlaşdığını görərək Bakıya getməkdən imtina edib. Həkimlər xəstəni qarlı hava şəraitinə baxmayaraq, Şəmkir rayonu ərazisində avtomobildən düşürüb və geri qayıdıb.

Qeyd olunub ki, yolda xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir stasionar postunun əməkdaşları hadisə yerinə gəliblər və xəstəni Gəncə şəhərindəki xəstəxanaların birinə çatdırıblar.

Məsələ ilə bağlı Respublika Təcili və Təxirəsalımaz Tibbi Yardım Mərkəzinə müraciət etdik. Mərkəzdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, hadisə yanvarın 18-i baş verib: “Həmin gün saat 20:50 radələrində Çobanzadə İnci Rəşad qızı Tovuz Rayon Mərkəzi Xəstəxanasının infeksion şöbəsində stasionar müalicə aldığı halda, xəstənin yaxınları tərəfindən özbaşına şəkildə Tovuz Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edilərək dispetçerə qarşı təzyiq göstərərək təxliyə tələbi irəli sürülüb.

Mövcud qaydalara əsasən, xəstənin təxliyəsi barədə qərar yalnız həkimlərin konsiliumu və müvafiq mütəxəssislərin rəyindən sonra qəbul edilir və qəbul edən xəstəxana ilə razılaşdırıldıqdan sonra Regional Təcili Tibbi Yardım Mərkəzinin Mərkəzi Dispetçer Xidməti vasitəsilə təşkil olunur. Lakin qeyd olunan halda mövcud protokol pozulub, dispetçer tərəfindən mərkəzə məlumat verilmədən briqada göndərilib. Bununla əlaqədar olaraq, məsul əməkdaş barəsində inzibati tənbeh tədbiri görüləcək.

Hadisə zamanı təcili tibbi yardım briqadasına xəstənin yenidən xəstəxanaya qaytarılması, vəziyyətinin stabilləşdirilməsi və təxliyənin mövcud qaydalara uyğun şəkildə təşkili barədə tapşırıq verilib. Lakin xəstənin yaxınları geri qayıtmaqdan imtina edib, xəbərdarlıqlara baxmayaraq ambulansı məcburi şəkildə saxlayaraq xəstəni ambulansdan götürərək DYP patrul avtomobili ilə Gəncə istiqamətində aparıblar.

Xəstənin “103 xidməti”nin əməkdaşları tərəfindən “endirilərək tərk edilməsi” ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir”.