“Xəstələnəndən sonra hamı ilə əlaqəni kəsmişdi...” - Video - Yenilənib

xestelenenden-sonra-hami-ile-elaqeni-kesmisdi
Oxunma sayı: 9972

“Ramiz müəllim son vaxtlar xəstələnəndən sonra demək olar ki, hamı ilə əlaqəni kəsmişdi. Neçə dəfə nömrəsinə zəng eləmişdim, zəng çatmamışdı. Sonra mesaj gəlirdi ki, şəbəkəyə qayıdıb, amma heç vaxt geri dönmürdü”.

“Qafqazinfo” xəbər verir ki, bunu Əməkdar artist Dilarə Əliyeva mərhum Xalq artisti Ramiz Novruzla evində keçirilən vida mərasimində bildirib.

D. Əliyeva qeyd edib ki, Ramiz Novruz onun yadında həmişə zarafatları ilə qalacaq: “Çox təəssüf edirəm ki, Ramiz müəllim kimi böyük sənətkarımızı itirdik. Gözlərimizə, qulaqlarımıza inana bilmirik.

Deyirdi ki, ay Dilarə, fikir vermisən, seriallarda, filmlərdə sonda alınmayan kadrları verirlər. Guya o birilər alınıb. O mənim yadımda zarafat edən, gülən üzü ilə qalacaq”.

***

Xalq artisti Hacı İsmayılov isə vida mərasimində Ramiz Novruzun vəfatını Azərbaycan mədəniyyəti, teatr sənəti üçün çox böyük itki adlandırıb: “Ramiz Novruz çox böyük yaradıcılıq yolu keçib, tamaşaçıların, xalqın sevincini qazanıb. Bu isə hər sənətkara qismət olmur. Onun əziz xatirəsi həmişə bizim qəlbimizdə yaşayacaq”.

***

Xalq artisti Qurban İsmayılov da mərhum sənətkarla bağlı başsağlığı verib: “Ramiz Novruz çox gözəl insan idi. Allah rəhmət eləsin, çox böyük itkidir”. 

***

Xalq artisti Mehriban Zəki mərhum Xalq artisti Ramiz Novruzla bağlı xatirələrini bölüşüb: “Uzun müddətdir danışmamışıq. Haqqında xəbərləri sosial mediadan oxuyurdum. Oğlu Cavidanla arada bir danışırdım. Möhkəm insan idi, bu xəstəliyi qəbul etmirdi. Çox qürurlu, könlü xoş olan insan imiş. Heç kimin xətrinə dəyməyən, heç kəsə problemlərini söyləməz insan imiş. Belə adamların vəfatı sənət üçün böyük itkidir. Allah rəhmət eləsin!”

***

Əməkdar artist Sənubər İsgəndərli vida mərasimində sənətkarla bağlı xatirələrini bölüşüb: “Sənət itirdi, incəsənət itirdi, teatr itirdi, biz də dostumuzu itirdik… Telefon zənglərinə cavab vermirdi. Sonuncu dəfə 3 ay əvvəl tamaşada olmuşuq. Onda halı çox pis idi. Tamaşada tər axırdı ondan. Qucaqlayıb dedim ki, Ramiz, yaxşı olacaq hər şey”.  

***

Əməkdar artist Vəfa Zeynalova Ramiz Novruzsuz teatrı təsəvvür etmədiyini deyib: “Onu deyə bilərəm ki, ağrılardan, əziyyətlərdən canını qurtardı. Bu elə bir xəstəlikdir ki, mən yaxınlarımda da görmüşəm, heç cür mümkün deyil ki, nəsə kömək edəsən. Hər şey edirsən ki, bir balaca üzü gülsün, mümkün olmur. İnsan o vəziyyətə gəlir çıxır ki, deyir, ay Allahım, bəlkə ölsün, canı qurtarsın...

Bilmirəm, Ramiz müəllimsiz bizim teatr necə olacaq. O bir günəş kimi idi. Teatra girəndə deyib gülməyi, rəftarı, zarafatlaşması.. O teatra girəndə, sanki, bir canlanma gəlirdi. Xalq artisti olmasına baxmayaraq, hamı ilə gözəl münasibətdə idi”.

***

Xalq artisti Məleykə Əsədova da onunla çox tərəf müqabili olduğunu bildirib: “O qədər zarafatcıl insan idi, heç adam ölümü yaraşdırmır. Onu obrazlarıyla xatırlayacam. Gülərüz, zarafatcıl idi, insani keyfiyyətləri çox idi. Çox səmimi insan, gözəl aktyor idi. Onunla çox tərəf müqabili olmuşam, qastrol səfərlərində olmuşam. Çox pis oluram. Allah rəhmət eləsin!”

***

Xalq artisti Firəngiz Mütəllimova sevdiyin insanla vidalaşmağın çətin olduğunu dilə gətirib: “Mən də bütün sənət yoldaşlarım kimi dünəndən sarsıntı içindəyəm, səhərə qədər yatmamışam. Telman Adıgözəlovun vəfatı zamanı da belə olmuşdum. Hər şey kino lenti kimi gözümün qabağından keçdi. Gəncliyimizdən indiyə qədər çiyin-çiyinə işləmişik, rollar oynamışıq, bir-birimizin xeyrində, şərində olmuşuq. Çox ağırdır, sən gəlirsən, istədiyin, sevdiyin insanla vidalaşırsan.

Tez-tez mən ona zəng edirdim, özünü yaxşı hiss edən vaxtlarda zəng çatsa da, çatmasa da, özü mənə zəng edirdi. Sonuncu dəfə təxminən 25 gün qabaq zəng elədim, ha gözlədim, zəng eləmədi. Dedim yəqin özünü yaxşı hiss etmir, narahat eləməyim...”

Hüseyn Məmmədsalahov

Foto: Müzəffər İsmayılov