Xətai Rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə icra başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, deputatlar - Vüqar Rəhimzadə və Pərvanə Vəliyeva, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına NeftKimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən Müharibəsi Qəhrəmanları - Anar Mirzəyev və Zaur Hüseynov, Xətai Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, şəhid ailələrinin üzvləri, qazilər, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar. Tədbir Baku Marriott Hotel Boulevarddə davam etdirilib. Burada Ulu Öndərin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub, daha sonra dövlət himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən Ramil Mirzəyev Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin xilaskarı kimi tarixi rolundan bəhs edib. O bildirib ki, Heydər Əliyev yalnız siyasi lider deyil, həm də müasir Azərbaycanın memarıdır. Onun uzaqgörən siyasəti nəticəsində ölkə parçalanma və tənəzzül təhlükəsindən xilas olaraq sabit inkişaf yoluna qədəm qoyub. Qeyd olunub ki, bu gün həmin siyasi kurs İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra Ümummilli Liderə həsr olunmuş film nümayiş etdirilib.
İcra başçısı Rafiq Quluyev çıxışında Heydər Əliyevin Azərbaycan tarixində müstəsna rolunu vurğulayaraq bildirib ki, onun siyasi iradəsi nəticəsində ölkəmiz müstəqilliyini möhkəmləndirib və beynəlxalq aləmdə layiqli mövqe qazanıb.
Deputat Mübariz Qurbanlı Ümummilli Liderin milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycançılıq ideologiyası məhz onun tərəfindən dövlət siyasətinin əsas xəttinə çevrilib.
Deputat Vüqar Rəhimzadə Heydər Əliyevin müəyyən etdiyi siyasi və iqtisadi inkişaf strategiyasının Azərbaycanın bugünkü gücünün əsasını təşkil etdiyini bildirib. Onun sözlərinə görə, neft strategiyası və beynəlxalq layihələr ölkənin dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirib.
Millət vəkili Zahid Oruc çıxışında Heydər Əliyev modelini dövlətçilik və milli təhlükəsizlik baxımından mühüm konsepsiya kimi qiymətləndirib. O qeyd edib ki, bu model güclü dövlətçilik ənənələrinin formalaşdırılmasına xidmət edir.
Deputat Pərvanə Vəliyeva isə sosial siyasətin humanist mahiyyətindən bəhs edərək bildirib ki, Heydər Əliyev hər zaman insan amilini ön planda saxlayıb, xüsusilə qadınların ictimai-siyasi həyatda rolunun artmasına xüsusi diqqət yetirib.
YAP Mərkəzi Aparatının nümayəndəsi Rafael Gülməmmədov çıxışında partiyanın yaranma tarixindən danışaraq qeyd edib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndərin siyasi irsinin davamı kimi formalaşıb və ölkədə sabitliyin təmin olunmasına mühüm töhfə verib.
Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov çıxışında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətini vurğulayıb və bildirib ki, bu ideyalar əsasında yetişən nəsil Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirib.
Xətai Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov isə çıxışında vətənə sədaqət və milli dəyərlərin qorunmasının vacibliyini qeyd edib.
Tədbir çərçivəsində bir qrup YAP fəalı Fəxri fərmanla təltif olunub, həmçinin partiyaya yeni qəbul olunan üzvlərə vəsiqələr təqdim edilib.
Bədii hissədə vətənpərvərlik mövzusunda kompozisiyalar təqdim olunub və iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.









