Xəzər rayonunda imtahanlarda yüksək nəticə göstərən tələbələrlə görüş keçirildi - Fotolar

xezer-rayonunda-imtahanlarda-yuksek-netice-gosteren-telebelerle-gorus-kecirildi
Oxunma sayı: 1261

Xəzər rayonunda 2022-2023-cü tədris ilində ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə əldə edərək 600-dən yuxarı bal toplayan tələbələrlə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, sentyabrın 4-ü Zirə Mədəniyyət Mərkəzi Eko-Parkda keçirilən görüşdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavini, RİH başçısı Aparatının şöbə müdiri, təhsil müəssisələrinin nümayəndələri və tələbə adını qazanmış gənclər iştirak ediblər.

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin 2002-2003-cü tədris ilində ali təhsil ocaqlarına ən yüksək balla qəbul olunmuş tələbələrlə görüşündən hazırlanmış videoçarxa baxıblar.

Çıxış edən Xəzər RİH başçısı Elşən Salahov ali təhsil ocaqlarına qəbul imtahanlarından uğurla keçərək tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək, Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyasının ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablandığını və təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayan Ulu öndər Heydər Əliyevin bu sahəyə çox böyük diqqət və qayğı göstərdiyini qeyd edib. Elşən Salahov bildirib ki, ümummilli liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. O bildirib ki, son illərdə ölkədə yeni məktəb bina və komplekslərinin tikintisi eyni zamanda köhnələrin əsaslı təmiri böyük vüsət alıb. Tədris prosesində gənclərimiz ən qabaqcıl texnologiyalardan, distant təhsil imkanlarından istifadə edirlər, ölkənin hər guşəsində müasir məktəb binaları, tədris avadanlıqları, sürətli internetə çıxışı olan kompüterlər, elektron lövhələr, zəngin fonda malik kitabxanalar, laboratoriyalar və idman zalları şagirdlərin istifadəsinə verilib.

Tədbirdə 2022-2023-cü tədris ilində ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə əldə edərək 600-dən yuxarı bal toplayan tələbələr Xəzər Rayon İcra Hakimiyyəti tərəfində Diplomlarla təltif olunaraq onlara qiymətli hədiyyələr təqdim edilib.