Xəzərdəki qu quşları niyə bu vəziyyətdədir? - Video

xezerdeki-qu-quslari-niye-bu-veziyyetdedir
Oxunma sayı: 2191

Xəzər dənizində neft istehsalı zamanı dəniz suyunun çirkləndirilməsi ilə bağlı iddialar yayılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı Neft Daşlarının ətrafında çəkilmiş video və fotoları yayımlayaraq ekologiyanın pozulmasına görə SOCAR-ı ittiham edib. Videodan görünür ki, dənizdə üzən qu quşları neft tullantılarına bulaşdığı üçün rənglərini dəyişiblər.

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, suyun üzərində neft təzahürü əvvəllər də olub, indi də var: “Bunun səbəbi əsasən sovet dövründəki neft hasilatıdır. Keçmişdə bəzi quyular qəzalı vəziyyətə düşüb və hazırda o quyularda sızma var. Buna görə də Neft Daşları ətrafındakı daşlara əvvəllər “qara daşlar” deyirdilər. Amma çıxarılan neftin birbaşa suya axıdılması düzgün deyil. Bu, ancaq qəza vəziyyətində baş verə bilər. İndi belə bir hal yoxdur. Neft ilə birgə çıxarılan tullantılar xüsusi qurğu ilə təmizlənir. Bunu Xəzər dənizində fəaliyyət göstərən bütün şirkətlər etməsə də, SOCAR bu işi həyata keçirir. 

Həmin yerlərdə Ekologiya və Təbbi Sərvətlər Nazirliyi mütəmadi olaraq monitorinq aparılır, onlara tam şərait yaradılır. Biz özümüz də bu istiqamətdə bir çox layihələr həyata keçirmişik. Lay sularının təmizlənməsi tam olaraq həyata keçirilir, baxmayaraq ki, sovet dövründə bu yox idi. 150 ildir neft çıxarılan ərazilər var ki, SOCAR həmin yerlərin də təmizlənməsini öz üzərinə götürüb və orada işlər aparılır.

Videonun çəkildiyi Neft Daşlarında dənizin dibindən təbii olaraq karbohidrogenlər çıxır, həm də sovet dövründən qalmış və qəzalı vəziyyətdə olan quyulardan sızmalar da var. Neft çıxarıldığı üçün vulkanlar da var. Həmin ərazi də mütəmadi olaraq təmizlənir. Bu gün SOCAR dənizə hər hansı bir şəkildə neft və ya neft tullantısı axıtmır”.

Murad Əhməd