“112” qaynar telefon xəttinə Xırdalanda Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən yaşayış binasında vətəndaşların bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu haqda “Qafqazinfo”ya FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1940-cı il təvəllüdlü G.Əliyeva, 1979-cu il təvəllüdlü C.Həsənova və 2013-cü il təvəllüdlü İ.Mehdiyevin uzun müddət telefon zənglərinə və çağırışlara reaksiya vermədiyi və həyati təhlükəli vəziyyətin yarandığı ehtimalı müəyyən olunub.
Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində dördmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilin qapısı xüsusi vasitələrin köməyi ilə açılaraq, ilkin ehtimala görə, dəm qazı səbəbindən huşsuz vəziyyətdə aşkar edilən vətəndaşlara ilkin yardım göstərilərək dərhal xəstəxanaya çatdırılıblar.
***
TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 21-i saat 20:50 radələrində 3 nəfər (2 qadın, 1 kişi) Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Dəm qazının toksik zəhərləri diaqnozu təyin edilən şəxslərə ilkin tibbi xidmət göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunublar.
Onlara dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda 1940-cı il təvəllüdlü şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti ağırdır.
1979 və 2013-cü il təvəllüdlü şəxslərin vəziyyətləri isə qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar”.
Son xəbərlər
Son Xəbərlər