Şirzadın kafesinə ilk getdiyim günü sizə təsvir etmək istəyirəm. Amma indidən deyim, mənə gülməyin, o kafe həqiqətən maraqlıydı. Mən həftədə bir neçə dəfə ora gedir, dostlarla görüşürdüm. Şirzadın kafesi demək, bizim kafemiz deməkdi. Bəlkə bu şəhərdən çıxıb getsəm, ilk növbədə Şirzadın kafesi üçün darıxacamdım.
Nə isə keçək həmin o unudulmaz birinci təəssürata...
...Kafenin saraya bənzəyən görkəmi vardı. Künc-bucaqda silahlı əsgərlər vardı. Arada gözümün önündən başında lələk olan şairlər gəlib keçirdi. İçəri girəndə gözlərim qamaşdı. Çilçıraq ətrafı işıqlandırmışdı, dörd tərəfdə göyərçinlər uçuşurdu. Gənc bir ofisiant bizə tərəf yaxınlaşdı. Şairanə bir ədayla: “Buyurun, cənablar!” deyib iki qatlandı. Sonra adımızı öyrəndi, harasa bunu qeyd edib uzaqlaşdı. Başqa bir oğlan yaxınlaşdı. O kitab çıxarıb bizə uzatdı. Bunun nəyə lazım olduğunu soruşdum, dedi, birdən ilham pərisi səni ağuşuna alar, hisslərini bura boşaldarsan. Bunu deyib əlindəki çayniki masaya qoydu. Hərəyə bir stəkan süzdü, stəkanların üstünə Nizaminin “Xəmsə”sinin obrazıları təsvir olunmuşdu.
İçəridə şairlər bir-birinə şeir deyir, ilham pəriləri siqaret dumanlarının üstündə uçuşur, kimsə qarşısındakı boş kitaba nəsə yazırdı. Sonra musiqi səsləri otağı doldurdu...
Arıq, çəlimsiz oğlan: “Nə içirsiniz?” – deyə soruşdu. “Pivə gətir” – bir ağızdan dilləndik. Dar bir yerdə masanın ətrafında oturmuşduq. Açıq qapıdan içəri söyüşlər dolurdu. “Ə, bunlar bilmir ki, bura şairlərin məkanıdır?” Bunu deyəndə ofisiant gülümsündü. “İndi kimdi şairə hörmət edən?” – dedi. “Sən şairi anlamırsan?” - əsəbiləşmişdim. “Bizə əsas müştəri lazımdı, brat. Kimdir şairi vecinə alan? Gəlsinlər şeirlərin oxusunlar, nə bilim nə eliyirlər-eləsinlər, amma pulları olsun”. Çoxdandı ağlımda ilişib qalan sualı oğlandan soruşdum: “Bu Şirzad deyillər e...o kimdi?” Gülümsündü, amma cavab vermədi.“Nəyivə lazımdı, pivəvi iç!” Şair dostlarımızdan biri məni dümsüklədi. Bir parç pivəni necə boşaltdım başım çıxmır... bir də gördüm metroya gəlib çıxmışıq. Kimsə Aqşinin şeirini deyir: “Şair, içək, nəşə dolduraq...”
Qatar sürətlə qaranlığa doğru şığıyır. Bəhruz Kəngərli əlindəki kitabı göstərib: “Ey şair olub əli qələm tutmayan, qəzet, kitab oxumayan şair xalqım” deyə-deyə vaqonun içində o baş-bu başa hərlənir.
Ofisiant başımın üstündə peyda oldu: “Yenə pivə gətirim?” “Gətir, meyxanəçi, uç-uç meyxanəçi...” Gözünü döydü, hardan bilsin mən kimin şeirini deyirəm. Az sonra geri qayıtdı. “Şaiq Vəli...” kimsə qulaqlarımı daladı, ardınca Aqşinin Şirzadın kafesinə yazdığı şeirini oxudu.
Hesabı ödədik. Hava soyuq idi. Şirzadın kafesindən ayrılanda düşündüm ki, deyəsən, bizim ədəbiyyatımız da şairlərimiz kimi bu zirzəmiyə salınıb. Hər gün ordan bir Orhan Pamuk, Milan Kundera, Dostoyevski çıxır...Ancaq heç kəs onları tanımır və oxumur...
Uzaqda Şirzadın məşhur kafesi... Zirzəminin altında görünməyən Azərbaycan ədəbiyyatı... Biz şairlər yıxıla-dura metroya sarı gedirik.
Hə, bu mənim ilk görüşüm oldu Şirzad kafesi ilə. Onnan sonra bizim görüşdüyüm tək yer idi Şirzadın kafesi. Ədəbi mühitdən hamını orda görmək olurdu. Bu kafedə olmayanı ədəbiyyata gəlmiş hesab etmək olmazdı.
İndi isə bizim yeganə xoşbəxtliyimizi, tez-tez görüşdüyümüz kafeni bağladılar. Neçə ay olar ki, Şirzadın kafesi görünməz olub. İndi hər dəfə ordan keçəndə düşünürəm: doğurdan da bizim özümüz üçün yaratdığımız xoşbəxtliyi əlimizdən alıblar. Bu saat bu ölkədən çıxıb getsəm artıq darıxacaq bir şeyin olmaması adamı yaman əzirdi...
Son xəbərlər
Son Xəbərlər