Xoşqədəmin “Səni axtarıram” verilişi bağlandı - Rəsmi açıqlama+Yenilənib

xosqedemin-seni-axtariram-verilisi-baglandi
Oxunma sayı: 22868

Bu gün Milli Teleradio Şurasının növbəti iclası keçirilir.

"Qafqazinfo" Virtualaz.org-a istinadən xəbər verir ki, hazırda davam edən və əsasən teleradio verilişlərinin keyfiyyətinin müzakirəsinə həsr olunmuş iclasda TV proqramları ilə bağlı bəzi vacib qərarlar qəbul edilib.

Həmin qərarlardan biri müəllifi Xoşqədəm Hidayətqızı olan “Səni axtarıram” verilişi ilə bağlı olub. MTRŞ ANS-dən yayımlanan bu verilişin bağlanmasına qərar verib.

İclasın nəticələri barədə əlavə məlumatlar verəcəyik.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı ANS-də iki veriliş aparır. "Sən tək deyilsən" verilişi hər gün, "Axtarıram səni" isə həftədə bir dəfə yayımlanır.

***

MTRŞ-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, bu gün keçirilən iclasda “ANS” televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxılıb. “ANS” televiziyasının efirində yayımlanan “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” proqramlarında sosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şouların mövcudluğunu, ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna və sosial problemlərin şouya çevrildiyini, bir sıra mövzuların süni şəkildə günlərlə davam etdirildiyini, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradıldığını, ailələrin, qohumların üz-üzə qoyulduğunu, insanların heysiyyatı ilə oynanıldığını, süni gərginliyin yaradıldığını, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verildiyini, efirin şəxsi intriqalara alət edildiyini, milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilmədiyini, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, proqrama verilmiş tələblərin, eyni zamanda sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq “ANS” televiziyasının efirində həftə ərzində şənbə və bazar günləri istisna olmaqla 1-5-ci günlər (bazar ertəsi-cümə günləri), saat 16.20-dən – 19.00-dək yayımlanan “Sən tək deyilsən” proqramının, hər həftənin bazar günü saat 21:30-dan 24:00-dək yayımlanan “Xoşqədəmlə axtarıram səni” proqramının yayımının 05 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.

İclasda həmçinin “ANS” televiziyasının efirində yayımı dayandırılmış “Sən tək deyilsən” proqramının efir vaxtında - həftə ərzində şənbə və bazar günləri istisna olmaqla 1-5-ci günlər, saat 16.20-dən – 19.00-dək və “Xoşqədəmlə axtarıram səni” proqramının efir vaxtında – hər həftənin bazar günü saat 21:30-dan 24:00-dək mədəni maarifçilik, intellektual xarakterli proqramların yayımının “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən təmin edilməsi barədə qərar qəbul edilib.