Yanmış meyiti tapılanların kimlikləri müəyyənləşdi - Yenilənib

yanmis-meyiti-tapilanlarin-kimlikleri-mueyyenlesdi
Oxunma sayı: 5857

Lənkəranın Göyşaban kəndində yanmış meyiti tapılan 2 nəfərin kimliyi müəyyən edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ölən şəxslərin 59 yaşlı Cəlilabad sakini Əmrah Bədirov və 55 yaşlı Sərraf Mustafayev olduqları müəyyənləşib.

İlkin ehtimala görə, hər iki şəxs oradakı donuzçuluq fermasında işləyirmiş və fermanın gözətçi otağında baş vermiş yanğın səbəbindən yanaraq ölüblər.

Hadisə ilə bağlı digər versiyalar da araşdırılır və müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, ilkin məlumatda 2 nəfərin meyitinin zibilxanada aşkarlandığı bildirilmişdi.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, noyabrın 15-də Lənkəran rayonu Göyşaban kəndi ərazisində yerləşən fermalardan birinin həyətində olan metal konstruksiyalı yardımçı tikilidə baş vermiş yanğın nəticəsində 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Aslan Vəliyev