YAP-da deputat siyahısı həyəcanı...

yap-da-deputat-siyahisi-heyecani
Oxunma sayı: 3034


“Qafqazinfo”nun məlumatına görə, “Yeni Müsavat” qəzeti yazır ki, YAP noyabr seçkilərində bəzi “əvəzolunmaz” deputatlarla vidalaşmaq niyyətindədir. Hakim partiya funksionerləri öz açıqlamalarında oktyabrın sonuna yaxın açıqlanacaq namizədlər siyahısında “ciddi seçim” ediləcəyi barədə xəbərdarlıq səsləndiriblər. Məlumatlarda o da bildirilir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin səhhətində problemlər olması və böyük ehtimalla noyabr seçkilərinədək bu posta yeni təyinatın olacağı bu dəfə YAP-ın siyahısının müəyyənləşməsi ilə bağlı fərqli situasiya yaradıb. 

Məlumdur ki, neçə illərdir parlament seçkilərində deputat siyahısının müəyyənləşməsində Prezident Administrasiyası (PA) rəhbərinin ciddi rolu olub. Siyahının müəyyənləşməsində  hakimiyyətdaxili qruplaşmaların, xüsusilə məmur-oliqarxların mənafeyinin nəzərə alındığı aydındır. Amma YAP siyahısından deputat olmaq istəyən bəzilərinin arzusu məhz PA rəhbəri ilə şəxsi münasibətinin gərgin olması səbəbindən gerçəkləşə bilməyib. Situasiyanın dəyişməsi ilə YAP rəhbərliyinin siyahının müəyyənləşməsində ciddi mövqe üstünlüyü əldə etdiyi iddia olunur. Xəbərlərə görə, 2013-cü il seçkisindən sonra baş nazirin müavini portfelinə yiyələnən YAP-ın icra katibi Əli Əhmədovun mövqeləri son aylar xeyli möhkəmlənib. Payızda keçiriləcək seçkilərdə hakim partiyanın 125 dairədən namizədlər siyahısının müəyyən edilməsində əsas rol da Ə.Əhmədova həvalə edilib. 

Siyahının müəyyənləşməsində deputat mandatını təhvil vermək istəməyənlərin ciddi müqavimət göstərdiyi, bəzi nazir övladlarının mandat həvəsinin də YAP-ın “mühafizəkar qanadı”nda narazılıq yaratdığı da söylənilən iddialar arasındadır. Amma hakim partiya bu cür narazılıqları önləmək üçün artıq ciddi hərəkətə keçib.

Belə ki, YAP bir neçə müddətdir demək olar ki, bütün dairələrdə xüsusi araşdırmaya başlayıb. Bu barədə “Yeni Müsavat”a məlumat verən mənbənin sözlərinə görə, araşdırma bəzi biabırçı nəticələr üzə çıxarıb. Məlum olub ki, Bakı və Bakıətrafı rayonların bəzilərində seçicilər öz deputatlarının hətta adını belə bilmirlər. Üstəlik, bəzi dairələrdə deputatlar onlarla seçicilərin görüşü üçün ayrılmış qəbul yerlərində olmayıblar. Bu araşdırma-sorğular Milli Məclisin qarşısına toplaşan seçicilər arasında da keçirilib və yenə ən çox narazılığın məhz Bakı rayonlarından olan deputatlardan olması müəyyən edilib. Bu yarıgizli araşdırma barədə məlumat alanlar tələsik “fəaliyyətlərində dönüş yaratmaq” istəsələr də artıq gec olub...

YAP icra katibinin müavini Siyavuş Novruzov da belə bir araşdırma aparıldığını təsdiqləyib. O, “Trend”ə açıqlamasında bildirib ki, araşdırma üçün hər seçki məntəqəsi üzrə 3-4 nəfər təyin edilib.

“Bunlara seçicilərin öyrənilməsi üzrə təlimlər keçirilir. Burada həm seçicinin hansı partiyaya mənsub olması, siyasi baxışları, rəyləri, demoqrafik vəziyyət, seçicilərin yaşı və digər məsələlər öyrəniləcək”, -  deyə, S.Novruzov bildirib. YAP rəsmisi onu da deyib ki, seçki dairələrindəki problemlərin nədən ibarət olması, onları aradan qaldırmağın yolları və digər məsələlərlə bağlı geniş təhlil işləri aparılır: “Bu təhlillər bitdikdən sonra biz hansı seçki dairəsindən hansı xarakterə malik namizəd irəli sürülə biləcəyini müəyyənləşdirəcəyik”. 

YAP-ın bu araşdırmaya başlaması “vurulacaq deputatlar” siyahısında adı hallananların narahatlığını daha da artırıb. Məlumatlı mənbə onu da deyib ki, Prezident Administrasiyasının rəhbəri ilə bağlı məlum müəmma da bəzilərinin çaşqınlığını artıran səbəblər sırasındadır. YAP siyahısında adını görmək arzusunda olanların hər birinə deyilib ki, yalnız bu araşdırmalar dövlət rəhbərliyinə təqdim edildikdən sonra nəticə bilinəcək. Məhz bu səbəbdən ötən seçkilərdə hətta bir neçə ay əvvəldən ürəklə deputatlıq iddialarını ortaya qoyanlar indi “bu barədə danışmağın tez olduğunu” və ya “YAP-ın qərarı nə olacaqsa...” deməklə kifayətlənirlər.

Belə görünür ki, noyabr seçkilərində YAP-ın siyahısında ciddi dəyişikliklər olacağı barədə xəbərlər gerçəyi əks etdirir və mümkün narazılığı önləmək üçün hakim partiya da kontur-gedişə məcbur olub.