Yaradıcı insan yaralı insandı. Nədəndi? Çünki o silahlıdı, döyüşçüdü. O, döyüşür. Çünki onun əlində ağır sursatlar var, alətlər var. Bu alətlə o nəyisə düzəltməyə, qurmağa çalışanda, nəsə tikəndə yaralanır. Tikdiyi qəfildən dağıla da bilər. Onda da qəlbi yaralanır. Döyüşdə qarşı tərəfdən də yara ala bilər. Yaradıcı insan döyüşçüdü. Əsgərdi. Hərbidə tez-tez işlənən misalı ona aid eləmək olar. “General olmaq istəməyən əsgər əsgər deyil”. Gerçəkdən yaradıcı insan general olmaq istəyən əsgərdi. Və bu yol, bu yüksəliş yarasız, məğlubiyyətsiz olmur.
Yaratmaq... Nədi yaratmaq?! Hər şey həyatın sadə yanıyla başlayır. Biz əvvəldə onu sadəcə yaşayırıq. Kor-koranə, sevinə-sevinə, uşaqca. Oynayırıq, əylənirik, dostlaşırıq, oxuyuruq, məktəbə gedirik, məktəbdən gəlirik-böyüyürük. Bu insanın aləmlə tanışlıq prosesidi. Tanıdıqca həyat predmetləri haqda məlumatlanırıq, nəsnələrin əvvəlcə adlarını, sonra özlərini öyrənirik. Əksinə də olur. Fəlsəfədə bu cür dartışmalar çox olub. Şeylərmi birinci yaranıb, yoxsa adlarmı. Əvvəlcə bir predmeti görmüşük sonra onun haqda anlayışımız formalaşıb yoxsa əvvəlcə anlamışıq sonra perdmetə ad vermişik. Başqa sözlə predmetlər gerçəkdən də təsəvvürümüzdə canlandıqları kimidilər, yoxsa bizim təsəvvürümüz onları bu cür görür. Düşünürəm ki, hər ikisi mümkündü. Elə şeylər var olduğu kimi əks verir eləsi var yox. Hər halda təsəvvürün canlı və cansız aləmin güzgüsü olduğuna əmin deyiləm. Bunun mümkün olduğunu da düşünmürəm. Əgər bizim görmədiyimiz rənglər varsa niyə də görmədiyimiz forma, quruluş və prosesin özü olmasın. Sözüm o deyil. Sözüm o ki, dünyayla tanışa-tanışa, öyrənə-öyrənə sevdiyimiz və sevmədiyimiz şeylər olur. Əvvəldə ancaq duyğular, reflekslər istiqamətimizi müəyyən edir, sonra biz istiqamətimizi seçib duyğuları, refleksləri ona doğru qururuq. Və duyğularımızın ötürdüyü siqnallarla sevə biləcəyimiz, özümüzü yaxşı hiss edəcəyimiz yerləri, nəsnələri seçirik. Nələrəsə daha çox can atırıq, nələrdənsə qaçırıq. Və bu can atdığımız anlayışların içində birini hamısından ayırırıq, istər-istəməz ayırırıq. Onu özümüzünkü etmək , ona aid olmaq gəlir içimizdən. Beləcə bir sahə bizim üçün doğmalaşır-doqma-ya çevrilir. Və başlayır çabalar, cəhdlər, dirənişlər. Beləcə seçirik ixtisasımızı, sənətimizi, peşəmizi. Beləcə aludə oluruq, yön alırıq və yolumuzu tapıb üz tuturuq ona.
Əslində mövcud olan, adını bildiyimiz bütün sahələrdə , sənətlərdə yaradıcılıq adlı bir nüvə var. Bütün adamlar məşğul olduqları işdə yaradıcı ola bilərlər. Bütün adamlar. Çəkməçi də, siyasətçi də, doktor da. Satıcı, makinaçı... Ancaq hamı olmur. Bu birmənalı cavab və çıxarışdı. Bu artıq yaradıcı adamları digərlərindən ayırmağa haqq və əsas verir.
Yaratmaq çətindi. Bəzən usandırıcıdı, bəzən boş-boşunadı, bəzən sonuncu enerjidi. Ancaq yekun, əldə olunan , son söz sevincdi, mutluluqdu. Daş-daş, çınqıl-çınqıl, duyğu-duyğu qurduğunun canlı , real nəticəsinə qovuşanda bu yaşamı anlamlı edir. Yaradıcılıq yalnız əvvəldə səbəbdi. Yaradıcı adam həyatı, var olmanı bioloji mövcudluq, qaçılmazlıq kimi yaşamır. O, bu qaçılmazlığa rəng qatır, o, bu bioloji , doğal prosesə ruh verir, “həm də” səbəbi artırır. Yaradıcılıq bu qaçılmazlığa ikinci həyat verir. Nəfəs veirir, can verir. Var olmanı əsaslandırır. Biz sevdiyimiz, bacardığımız sahənin adamına çevriləndə özümüzü missioner kimi hiss edirik. Və bu bizi öz gözümüzdə böyüdür. Biz əvvəlcə özümüzü önəmli sayırıq, Yer üçün, zaman üçün faydalı şəxs- individ sayırıq. Və biz vacib adama çevrilirik. Yaradıcılıq bizə seçilmək şansı veirir. Bizi yaradılış fəlsəfəsinin bir ünsürünə çevirir. Yaradıcı gerçəkdən inanır ki, dünyanın , kainatın bu canlı dinamik, möcüzəvi prosesin içində təsadüfən deyil. Şairlər özləri haqda necə bir mif uydurublar..? “Şair Tanrıya-Yaradana ən yaxın adamdı” . Bu üzdən yazıçıların, şairlərin tematikası, çatmaq istədiyi substansiya , problematikaları birbaşa Tanrı özüdü. Nitşe Tanrını “öldürür” , Tolstoy “dirildir” , Hadi üzünə qayıdır , Nəsimi şərik çıxır, Kleyst quluna çevrilir. Şairlər Tanrının üzünə ağ olurlar. Onunla uğraşırlar. Demək şairin özünə rəqib hesab elədiyi yeganə güc Tanrıdı. Çünki Tanrılığa iddialıdı. Özünü yaradan sayır. Yaradıcılıq budu! O sənətkarı yer həyatından, torpaqdan , məişət və cəmiyyət xırdalıqlarından yuxarı qaldırır , ucaldır . Kosmik həyata bağlayır. Və sənətkar yaşadığı coğrafiyadan çıxaraq kainat sakininə çevrilir.
O, kosmosa, bütün kəhkəşana bağlı və aid olur. Bu onu ruhən böyük edir, ağlını inanılmaz dərəcədə canlandırır, düşüncə diapazonunu genişləndirir, həyat və dünya haqda bilgiləri, duyğular ağıla sığımır - yerləşmir, kənara çıxır , ağıl dartınır, genişlənir. Qalaktika , günəş sistemi, Yer və dünya , yaranış haqda versiyalar , elm , sənət bunun hesabına yaranır. Və yaradıcılıq budu.
Yaradıcılığın sirri-ideya və məntiqdədi. Yenilikçi olmağa meyldədi. Cəsarət , qorxmazlıq . Nə qədər ideya varsa bir o qədər yenilik müjdəsi var. Yenilik artıq işdi. İdeya artıq işdi. İlk addımdı. Yenilikçilər banilərə, liderlərə, yaradanlara çevrilirlər. Və bu cür tarixdə qalırlar. Onlar mərhələyə imza atılar, hər hansısa bir işə yox.
...nəhayət. Nəhayət? Bunun nəhayəti olmur. Yaradıcılıq nəhayətsizdi.
Bu günlərdə bir azad sənətkarın-rəssamın müsahibəsini oxudum. “Niyə yaradırsız?” sualı vermişdi ona jurnalist. O da “ Bilmirəm, içimnən belə gəlir” demişdi. Yaradıcı adamlar ona görə adamların ən özgürləri, ən azadları, ən sərbəstləri sayılır ki, onlar iç-in istədiyi kimi yaşayırlar. Və bu iç onların hər birinə ayrı-ayrılıqda həyatı başqa cür, başqa çalarda, başqa tabloyla göstərir. Ona görə özgürdülər ki, duyduqları kimi yaşayırlar, özlərindən həyat quraşdırırlar. Kövrəkdilər-çünki ürəkləri həmişə duyğusal proqramdadı. Həmişə pusqudadı. Götürmək, almaq, əldə etmək üçün hazırda dayanıblar. Hər məqam onlar üçün bir sənət nümunəsi ola bilər. O qədər ayıqdılar və əslində o qədər yuxulu ki, ətrafın anlaması zordu. Bu adam ayıqmı, uygudamı?!
Başqaları üçün adi olan onu püskürdə bilər.
Başqaları üçün hadisə olan onu mürgülədər.