“İƏT Mədəniyyət Festivalı - Bakı Yaradıcı Həftə 2025” çərçivəsində Yaradıcı Sənayelər üzrə Bakı Kommünikesi qəbul olunub.
“Qafqazinfo” xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının baş katibinin müavini, səfir Tariq Ali Baxit tərəfindən səsləndirilən sənəddə 5-11 dekabr tarixlərində Bakıda keçirilən festivalın mədəniyyətlərarası dialoqun, tolerantlığın, sülhün və mədəni müxtəlifliyə hörmətin təşviqinə mühüm töhfə verdiyi qeyd olunub.
Kommünike sənədi həmçinin Azərbaycanın yaradıcı sənayelərin inkişafında və mədəni əməkdaşlığın gücləndirilməsində artan rolunu qeyd edir.
Kommünike sənədində bildirilir ki, festivalda 40-dan çox ölkədən 300-dən artıq xarici qonaq iştirak edib. Dövlət qurumlarının, beynəlxalq təşkilatların, elmi və mədəni institutların nümayəndələrinin qatıldığı tədbirlərdə ümumilikdə 5000-dən çox iştirakçı yer alıb. Proqram çərçivəsində kino, teatr, moda, dizayn, musiqi, oyun sənayesi və rəqəmsal startaplara həsr olunan çoxsaylı sessiyalar təqdim olunub.
Sənəddə festivalın əsas tədbirləri kimi “MYFORUM” Mədəni və Yaradıcı Sənayelər Forumu, “MYEXPO - Creative Village” sərgisi, “Baku Cinema Breeze 2025” beynəlxalq kino proqramı, “Eastern Fashion Show” və “G HUB” Beynəlxalq Oyun Texnologiyaları Sammiti qeyd edilir. Bu platformaların bilik mübadiləsi, tərəfdaşlıqların qurulması və ölkələr arasında yaradıcı əməkdaşlığın genişlənməsi üçün mühüm imkanlar yaratdığı vurğulanır.
Kommünike sənədi iştirakçılar tərəfindən yaradıcı sənayelərin iqtisadi şaxələndirmə dayanıqlı inkişaf üçün əhəmiyyətli vasitə kimi dəyərləndirildiyini bildirir. Bu çərçivədə rəqəmsal innovasiya, sahibkarlıq, mədəni irsin qorunması və yeni texnologiyalardan məsuliyyətli istifadə istiqamətlərində İƏT üzv ölkələri arasında əməkdaşlığın gücləndirilməsi çağırışı səsləndirilir. Həmçinin birgə proqramlar, institusional tərəfdaşlıqlar və dövlət-özəl əməkdaşlığı daxil olmaqla innovativ maliyyə mexanizmlərinin genişləndirilməsi vacib hesab edilir.
Sənəddə festivalın təşkilinə görə Azərbaycan Hökumətinə dərin minnətdarlıq ifadə olunur. Kommünike sənədi Prezident İlham Əliyevin İƏT ilə əməkdaşlığın inkişafı, İslam həmrəyliyinin möhkəmləndirilməsi və mədəniyyətlərarası dialoqun təşviqindəki liderliyinə xüsusi diqqət yetirir.
Sonda kommünike sənədində “İƏT Mədəniyyət Festivalı - Bakı Yaradıcı Həftə 2025”in İƏT-ə üzv ölkələr arasında yaradıcı sənayelər üzrə əməkdaşlığın yeni səhifəsini açdığına inam ifadə olunur.
Lamiyə Məmmədova
Fotolar: Pərvin Zeynal






Son xəbərlər
Son Xəbərlər