“YAŞAT” Fondu hesabat verdi - Fotolar

yasat-fondu-hesabat-verdi
Oxunma sayı: 1255

Dekabrın 8-də “YAŞAT” Fondunun 3 illik fəaliyyətinə dair mətbuat konfransı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, öncə Fondun 3 illik fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.

Ardınca “YAŞAT” Fondunun rəhbəri Qarabağ qazisi Elvin Hüseynov hesabat xarakterli təqdimatla çıxış edib.

Təqdimatda “YAŞAT” Fondu tərəfindən müvafiq istiqamətlərdə şəhidlərimizin ailə üzvləri və yaralılarımız üçün həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatlar əks olunub.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

“YAŞAT” Fondunun 3 il müddətində xərclədiyi vəsaitin həcmi açıqlanıb. Xərclərin 4 istiqamət üzrə aparıldığını bildirən Elvin Hüseynov qeyd edib ki, bu xərc 79 484 043 manat təşkil edib.

Bildirilib ki, ötən 3 il ərzində Fonda 234 637 müraciət daxil olub: “Çağrı üçün 189 205, qəbul 4510, sosial mediadan isə 40 922 müraciət olub. Bu müddət ərzində məişət şəraitinin yaxşılaşdırılması üçün 42 milyon 153 min 250, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün 2 milyon 424 min 635, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması üçün 7 milyon 11 min 408, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üçün 27 milyon 394 min 750 manat xərclənib”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Lamiyə Məmmədova

Fotolar: Xəyal Vəlizadə