Yekə kişi olmaq...

yeke-kisi-olmaq
Oxunma sayı: 1515


-Tunar, gəl yeməyini ye, tez böyü. Bax, qonşudakı uşaqlar hamısı yeməklərini yeyib böyüyəcək, sən balaca qalacaqsan.

-Eeee, mən böyümək istəmirəm...

Tunar yemək yeməməsini böyümək istəməməsilə əlaqləndirdi. Yəni “yemirəm” demək istəyirdi... Anası onu müxtəlif variantlarla yeməyə həvəsləndirdi və Tunar beləcə daha bir buğda boyu böyüdü...

Bizim Tunar çox maraqlı uşaqdı. Yaraşıqlıdı. Açıq şabalıdı qıvrım saçı az qala çiyinlərinə çatan uşaq qeyri-adi görünüşüylə görənlərin diqqətini çəkir. Tanımayanlar elə bilir ki, Braziliyadan gəlib.

4 yaşına keçib. Düşünəndə ki, böyüyəcək, bu buruq saçları töküləcək, bəlkə də keçəl qalacaq, adam lap heyfslənir. Təki bütün balalar böyüsün, Tunar da onların içərisində...

İkilikdə söhbət edirik:

-Tunar, niyə böyümək istəmirsən? Bax, adam böyüyüb ata kimi, baba kimi yekə kişi olur,işləyir, pul qazanır, paltar, oyuncaq, bazardan meyvə, yemək alır. Analar da dadlı yeməklər bişirir ki uşaqlar yesin, tez böyüsün.

-Eeee, mən istəmirəm. Mən marketdən yoqurt ala bilirəm. Balaca Tunar gəşəkdi...

-Sən böyüyüb yekə kişi olmaq istəmirsən?

-Eeee, yox. Yekə kişi pisdi... Yekə kişi pivə içir. Nənələr də qışqırır. Bax, budu bax,-deyib saçlarının buruqlarını dartır,-yekə kişilərin belə “kudryavıy”saçı yoxdu.

***

Velosipedinə minib uzaqlaşır, mənsə oturub fikirləşirəm. Həqiqətən də uşaqlar niyə böyüsün ki? Və ya niyə böyüyür ki? Bəlkə elə balaca, şirin, mələk kimi saf qalsalar, yaxşıdı. Mümkün deyil, bilirəm... Nahaq yerə demirlər ki, uşaqlar bizim gələcəyimizdi.

Uşaqlar böyüyür. Balaca çiyinləri enlənir ki, ağır yükü daşıya, qayğıları çəkə bilsinlər. 7-8 il bundan əvvəl gördüyüm balaca Ramin indi böyüyüb, disk sataraq ailə saxlayır. Atası Rusiyadadı. Gəlmir. O uşaq indi böyüdüyü üçün sevinir. Deyir ki, daha anamı əziyyət çəkməyə qoymuram. Özüm böyümüşəm, yekə kişiyəm, atama da ehtiyacımız yoxdu daha... Gəlmir, gəlməsin.

Dərdləri özlərindən tez böyüyən uşaqları gördükdə adam heç onların böyüməsini istəmir. Avtobuslarda sərnişinlərdən pul yığan, küçədə maşın yuyan, bazarlarda araba çəkən uşaqları gördükdə adamın ürəyi parçalanır. İllər əzab üçünmü böyüdür onları???

Amma Zaman həm də uşaqları böyütmək üçün irəliləyir axı. Onlar tez, lap tez böyümək istəyirlər. Bilmirlər ki, böyüdükcə gördükləri haqsızlıqlardan gözləri böyüyəcək, bağışlamaq, xeyirxahlıq etmək üçün ürəkləri...

***

Mən onun velosipedlə qonşu uşaqlara çata bilməməsini izləyə-izləyə xəyallara daldıqda bir də gördüm özündən yaşda böyük bir oğlanı yerə yıxıb təpikləyir. Özümü çatdırdım. Yerə yıxılan oğlanı ayağa qaldırdım. Tunarı danladım:

-Adam da belə iş görər?

-Mən sabax yemək yedim böyüdüüümmm!-deyib qolları ilə havada böyük adam təsviri yaratdı . Velosipedinin sürətini artırıb gülə-gülə uzaqlaşdı...

“Bayaq” əvəzinə həmişə “sabax” deyir. Amma hələ sabahın açılmağına var idi...